“Rusiya Azərbaycanı təhdid edir”

rusiya-azerbaycani-tehdid-edir-
Oxunma sayı: 3191


Təlimlər Ağdam rayonunun işğal altında olan Uzundərə və Şahbulaq dağ massivində ağır artilleriya və zirehli texnikaların iştirakı ilə keçirilir. Təlim zamanı açılan atəş və güclü partlayış səsləri Ağdam rayonu ilə yanaşı, Tərtər, Bərdə və Ağcabədi rayonlarında da eşidilir. Ermənilərin Qarabağda təlimlərə başlamasına Azərbaycan-Rusiya münasibətləri kontekstindən baxmaq olarmı?

Politoloq Vəfa Quluzadə hesab edir ki, məsələyə məhz elə bu kontekstdə baxılmalıdır. Çünki Rusiya hazırda Gömrük İttifaqını dirçəltmək istəyir. Politoloqun fikrincə, Rusiya Qərbə mesaj göndərir: “Demək istəyir ki, biz sizə Yuqoslaviyanı, Şərqi Avropanı, müttəfiqlərimizi, Baltik respublikalarını güzəştə getsək də, Mərkəzi Asiya, Cənubi Qafqazı güzəştə getmək fikrində deyilik. Moldova da Rusiyanın təzyiqi altındadır. Rusiya Dnestryanı respublikaları özünə birləşdirmək fikrini ortaya atıb. Şimal sərhədlərimizdə pasport paylamaq, işğal olunmuş ərazilərimizdə təlimlər keçirməyin hamısı Azərbaycana təzyiqdir. Rusiya Azərbaycanın orientasiyasını dəyişib, onu Gömrük İttifaqına getməyə məcbur etmək, özünün təsir zonasına salmaq istəyindədir”.

V.Quluzadə əlavə edir ki, Rusiya Azərbaycanı öncə Qərbin, o cümlədən Amerikanın təsir zonasından çıxarıb öz təsir zonasına keçirmək istəyir: “Rusiya Azərbaycanı təhdid və təzyiq altında saxlamaq, qarşıya qoyduğu siyasi məqsədə çatmaq üçün bütün bu işləri həyata keçirir. Xəzərin statusu məsələsində də, yəni, dövlət başçılarının sentyabrda müzakirə olunacaq tədbirində Azərbaycanın mövqeyini dəyişməyə çalışacaqlar”.

Politoloqun sözlərinə görə, Azərbaycan Xəzərin səthini və dibini Rusiyanın veto haqqına güzəştə getməlidir. Ukraynada gedən qarşıdurmanın nəticələrini gözləməyi lazım bilən politoloq, bir çox məsələlərin bu hadisələrdən asılı olduğunu vurğulayıb.

Azadliq.info