Rusiya darmadağınla qalib gəldi - Yenilənib

rusiya-darmadaginla-qalib-geldi
Oxunma sayı: 9485

4 ildir həyəcanla gözlənilən futbol üzrə dünya çempionatı rəsmən başladı.

“Qafqazinfo” xəbər verir ki, bu dəqiqələrdə Moskvanın “Lujniki” stadionunda açılış mərasimi keçirilib.

Mərasimdən sonra - 19:00-da mundialın ilk matçı başlayıb. Açılış matçında ev sahibi Rusiya Səudiyyə Ərəbistanı ilə qarşılaşır.

Matçın canlı yayımını təqdim edirik:

***

Musiqili hissədən sonra rəsmi çıxışlar olub. Rusiya prezidenti Vladimir Putin çıxış edərək hər kəsi salamlayıb və futbol aazarkeşlərini futbol bayramı münasibətilə təbrik edib.

***

Daha sonra FİFA prezidenti Canni İnfantino çıxış edərək ev sahibi Rusiyaya gözəl təşkilatçılıq üçün təşəkkür edib. O, azarkeşlərə səslənərək bir aylıq futbol bayramından zövq almağa çağırıb.

***

Rəsmi çıxışlardan sonra hakimin start fiti ilə matç başlayıb.

Rusiya – Səudiyyə Ərəbistanı - 5:0

Qollar: Yuri Qazinski, 12; Denis Çerışev, 43, 90+1, Artyom Dzyuba, 71; Aleksandr Qolovin, 90+4

Baş hakim: Nestor Pitana

Yan xətt hakimləri: Xuan Pablo Belyati, Ernan Maydana (hamısı Argentina)

Dördüncü hakim: Sandru Riççi (Braziliya)

Rusiya, Moskva. “Lujniki” stadionu.

***

Matçda erkən qol vurulub. Başlanğıcdan etibarən rəqibi üzərində böyük üstünlük quran ev sahibi Rusiya 12-ci dəqiqədə hesabı açıb.

Uzaqdan ötürməni Yuri Qazinski başla qapıdan keçirib.

Qol zamanı ofsayd ehtimalına qarşı epizod VAR (Video köməkçi) sistemi vasitəsilə yoxlanılıb və qərar təsdiqlənib.

***

Matçda ilk əvəzetmə 24-cü dəqiqədə olub. Rusiyanın futbolçusu Alan Dzaqoev zədələnib və oyuna davam edə bilməyib. Onun yerinə Denis Çerışev daxil olub.

***

43-cü dəqiqədə Rusiya fərqi 2-yə çatdırıb. Ani əks hücumda Səudiyyə Ərəbəistanı müdafiəçilərini hazırlıqsız yaxalayan Rusiya futbolçuları oyuna sonradan girən Çerışevi qol zərbəsinə çıxarıblar. İki rəqibini bir hərəkətlə "zərərsizləşdirən" Çerışev topu qapıya göndərib. Hazırda Rusiya 2-0 öndədir.

***

70-ci dəqiqədə Artyom Dzyuba Smolovun yerinə meydana daxil və 71-ci dəqiqədə Rusiyanın 3-cü qoluna imza atıb.

***

Mundialın ilk sarı vərəqəsi 88-ci dəqiqədə Rusiya komandasının üzvü Qolovinə göstərilib.

***

90+1-ci dəqiqədə Rusiya 4-cü qolu da vurub. Çerışev uzaq məsafədən baxımlı qola imza atıb. Bu, onun görüşdəki ikinci qolu olub.

***

Matçda son nöqtəni isə Qolovin qoyub. O, topu cərimə zərbəsindən qapıya göndərib. Beləliklə, Rusiya dünya çempionatının açılış matçında 5:0 hesablı darmadağınla qalib gəlib.