Rusiya Federasiya Şurasının sədri Bakıda səfərdədir

rusiya-federasiya-surasinin-sedri-bakida-seferdedir
Oxunma sayı: 643

Valentina Matviyenko Milli Məclisin sədri Oqtay Əsədovla təkbətək görüşüb, sonra görüş geniş tərkibdə davam edib.

Həmin gün Federasiya Şurasının sədri baş nazir Artur Rasizadə ilə bir araya gəlib. AzərTAc-ın məlumatına görə, Artur Rasizadə siyasi və iqtisadi sahələrdə Azərbaycan-Rusiya əməkdaşlığını yüksək qiymətləndirib, ölkələr arasındakı ikitərəfli əlaqələrin dərin tarixə söykəndiyini və mehriban qonşuluq prinsipləri əsasında formalaşdığını diqqətə çatdırıb.

Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Artur Rasizadə deyib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqların 20 faizi işğal olunub, 1 milyondan çox vətəndaş etnik təmizləmə siyasətinə məruz qalıb: “Bu münaqişənin həll olunmaması nəinki Azərbaycanın, həmçinin bütün regionun inkişafına zərbə vurur”.

Federasiya Şurasının sədri Azərbaycan-Rusiya diplomatik münasibətlərinin bərpasından ötən 20 il ərzində əldə olunmuş uğurlardan məmnunluğunu ifadə edib. Bakının simasında inkişaf edən Azərbaycanı gördüyünü deyən xanım Valentina Matviyenko bu uğurların Rusiyada diqqətlə izlənildiyini vurğulayıb.

Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 9-da Heydər Əliyev Fondunda da olub.