“Rusiya İrana qıcıq olmağa başlayıb” - Şərh

rusiya-irana-qiciq-olmaga-baslayib
Oxunma sayı: 2308

Politoloq Şahin Cəfərli Suriyada 9 rus hərbçisinin öldürülməsi xəbərini şərh edib.

"Qafqazinfo" xəbər verir ki, politoloq İsrailin hücumlarını iranlıların Suriyada olması ilə əlaqələndirib: 

"Bu hadisədən 5 gün əvvəl Əsəd Rusiyada idi. Putinlə söhbətdə belə qərara gəldilər ki, artıq Suriyada bərpa işlərinə başlamaq olar, çünki terrorçular məğlub edilib. Hər dəfə bu cür optimist bəyanatlardan sonra nəsə baş verir.

Rusiya çətin vəziyyətdədir. İsrail və ABŞ Moskvaya təzyiq edirlər ki, iranlıları Suriyadan çıxar. Putin Əsədlə görüşdən sonra ilk dəfə olaraq bəyan etdi ki, bütün xarici qüvvələr Suriyanı tərk etməlidir. Putinin Suriya üzrə nümayəndəsi Lavrentyev dəqiqləşdirdi ki, prezident həm də iranlıları və türkləri nəzərdə tutur. İranın Suriyadakı hərbi mövcudiyyəti artıq Rusiyanın planlarına zərər verməyə başlayıb".

Ş.Cəfərli bildirib ki, Rusiyanın İranla münasibəti də əvvəlki kimi yaxşı deyil: 

"Əvvəla, nə qədər ki, iranlılar ordadır, İsrail Suriyanı vurmağa davam edəcək. Rus silahının hörmətinin artdığı bir məqamda İsrail Suriyanın əlindəki Rusiya istehsalı olan hava-raket hücumundan müdafiə vasitələrindən uğurla yayınaraq əməliyyatlar keçirir. Hətta bu yaxınlarda İsrail təyyarələri (güman edilir ki, ən yeni, beşinci nəsil F-35) Suriyanın S-200, "Buk" və "Pantsir" sistemlərini sıradan çıxarıb. "Pantsir"in vurulduğu anın videosu da yayıldı. Bu, rus silahının nüfuzuna zərbədir. Ona görə də, Rusiya İrana qıcıq olmağa başlayıb. İkincisi, iranlıların orada olması amerikalıların da Suriyada qalmasını və zaman-zaman hərbi əməliyyatlar keçirməsini müəyyən qədər legitimləşdirən haldır. Üçüncüsü, Suriyanın bərpasına ayrılacaq vəsaitdən və həyata keçiriləcək enerji layihələrindən pay almaq uğrunda gizli rəqabət də var.

İran isə öz növbəsində, Rusiyanın İsraillə separat razılaşmalarından və ABŞ-la anlaşmağa həddən artıq həvəsli olmasından narahatdır. İki ölkə arasında etimad yoxdur, ona görə hərə öz oyununu oynayır".