Rusiya mətbuatı Azərbaycanın İKT sektorunun uğurlarından yazıb

rusiya-metbuati-azerbaycanin-ikt-sektorunun-ugurlarindan-yazib-
Oxunma sayı: 636

Belə ki, Rusiyanın "Rossiyskaya qazeta" nəşrinin 29 mart 2013-cü il sayında də Azərbaycanın Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun ölkənin İKT sektorunun nailiyyətlərinə və inkişaf perspektivlərinə həsr edilmiş "Базовый элемент модернизации " (Modernizasiyanın əsas elementi) başlıqlı müsahibəsi dərc edilib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumatına görə, Azərbaycan ölkə iqtisadiyyatının və cəmiyyətin uzunmüddətli və davamlı inkişafı üçün İKT qeyri-neft sektoruna daxil olan və yüksək dinamik inkişaf nümayiş etdirən sahə kimi qiymətləndirilib.
Müsahibədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin diqqəti sayəsində son illər Ümumi Daxili Məhsulda İT sektorunun payının artdığı, ölkədə telekommunikasiya, teleradio yayımı, internet infrastrukturu və ümumilikdə İKT sahəsində bir çox nailiyyətlər əldə edildiyi qeyd edilib, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda 2008-ci ildə bütün yaşayış məntəqələrinin telefonlaşdırıldığı, rəqəmli texnologiyalara keçid, vahid yeddi nişanlı nömrələmə sisteminin tətbiqi xüsusi vurğulanıb. Ölkə başçısı tərəfindən 2013-cü ilin Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları ili elan edildiyi, bu kontekstdə ilk iş kimi, Azərbaycanın ilk Milli telekommunikasiya peykinin - "Azerspace-1"-in orbitə buraxılması haqqında ətraflı məlumat verilib. 2015-ci ilədək ölkə aşağıorbitli optik peyki, 2015-ci ildə isə ikinci telekommunikasiya peykinin orbitə çıxarılması ilə Azərbaycanın daha etibarlı və ucuz peyk rabitəsindən istifadə etmək imkanı əldə edəcəyi və bunun ölkənin informasiya təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edəcəyi qeyd edilib. Dövlət Neft Fondunun dəstəyi ilə həyata keçiriləcək və ölkədə genişzolaqlı xidmətlərin inkişafına hesablanmış "fiber to home" layihəsi də müsahibənin diqqət çəkən mövzularından olub.
Bundan başqa, müsahibədə beynəlxalq əhəmiyyətə malik olan Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) və "Europe-Persia Express Gateway" (EPEG) informasiya magistralı layihələri barədə də söhbət açılıb.
Qəzetin digər bölməsində isə Azərbaycanda kosmik sənayenin inkişafına dair geniş məqalə də dərc olunub.

Nigar Məmmədli