Rusiyada Putin erasının sonu yaxınlaşırmı?

rusiyada-putin-erasinin-sonu-yaxinlasirmi
Oxunma sayı: 634

Proqrama qatılan “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Rusiyada sistemli böhranın davam edəcəyini bildirib: “Rusiyada avtoritar üsul-idarəni qorumaq cəhdi bu ölkəni dağılmağa aparır. Bütün avtoritar rejimlərdə olduğu kimi Rusiyada da təfəkkür böhranı yaşanır. Son 10-15 ildə insanların informasiya almaq və yaymaq imkanları genişlənib. Rusiyanın orta və gənc nəsli bu imkanlardan geniş istifadə edir. Yeni texnologiyalar insanların davranış tərzinə təsir edib. Və bu insanlarla ölkəni köhnə üsul-idarə, az qala mağara qaydaları ilə idarə etmək istəyən avtoritar rejimlər arasında dərin uçurum əmələ gəlib. Necə deyərlər, aşağılar köhnə üsullara tabe olmur, yuxarılar da yeni qaydaları həzm edə bilmirlər. Beləcə, Rusiyada inqilabi şərait yetişib”.

Proqramın digər qonağı olan Respublikaçı Alternativ Hərəkatının idarə heyətinin üzvü, politoloq Azər Qasımlı da Rusiyada böyük dəyişikliklərin baş verdiyi qənaətindədir: “İnqilablar adətən ictimai şüurun dəyişməsindən başlayır. Bu gün biz Rusiyada məhz bu prosesi müşahidə edirik. Rusiyada insanlar artıq indiki siyasi sabitliyi dəyər hesab etmirlər. Putin 1998-ci ildə hakimiyyətə gəldikdə Rusiyada qarışıqlıq idi, iqtisadi böhran bir tərəfdən, Çeçenistan və Şimali Qafqazdakı ağır durum digər tərəfdən və s. Buna görə də Rusiya cəmiyyətində güclü ələ siyasi sifariş var idi. Putin bu rolu artıqlaması ilə yerinə yetirdi. Ancaq o dövr geridə qaldı. İnsanlar artıq avtoritar üsul-idarəyə, insan haqları və demokratiyanın boğulmasına seyrçi qala bilmir və dəyişiklik tələb edirlər. Bu zamanın tələbidir. Çünki, avtoritar rejim qaldıqca Rusiyanın problemləri daha da dərinləşir. Bir sözlə, mifik sabitlik işə yaramır”.

Proqramın tamamını aşağıdakı linkdən izləyə bilərsiniz:

http://www.youtube.com/watch?v=ob1SuLFm5xE&feature=youtu.be