Rusiyadan Dilqəm Əsgərovla bağlı - Cavab

rusiyadan-dilqem-esgerovla-bagli
Oxunma sayı: 643

Rusiya Xarici İşlər Nazirliyi (XİN)  KİV-in bu ölkənin vətəndaşı Dilqəm Əsgərovun müdafiəsi üçün hansı tədbirlər görməsi ilə bağlı sorğusunu cavablandırıb.
 
"Qaqazinfo" APA-ya istinadən xəbər verir ki, nazirliyin İnformasiya və mətbuat departamentinin direktor müavini Artyom Kojin “Lapşinin ətrafında yaranan vəziyyət fonunda dəfələrlə bildirilib ki, Rusiya XİN məsələni nəzarətdə saxlayır və onun hüquqlarının qorunması üçün əlindən gələni edir. Bu səbəbdən bilmək istərdik ki, Rusiya XİN qondarma “DQR” məhkəməsi tərəfindən 2014-cü ilin dekabrında ömürlük həbs cəzası verilən vətəndaşı Dilqəm Əsgərovun müdafiəsi üçün hansı tədbirlər görür?“ sualına cavabında bildirib ki, onlar Azərbaycan KİV-nin Rusiya vətəndaşlarına qarşı qayğısından çox məmnundurlar: “Rusiya XİN davamlı olaraq milliyyətindən asılı olmayaraq bütün rusiyalıların qanuni maraqlarını müdafiə edib”.
 
Sorğuya cavabda qeyd olunub ki, münaqişəyə görə Rusiya vətəndaşlarına Dağlıq Qarabağ zonasına səfər etməmək tövsiyə olunur: “ Adıçəkilən tövsiyə nazirliyin saytında yerləşdirilib. O ki qaldı Dilqəm Əsgərova, o Lapşin kimi həmin tövsiyəyə əməl etməyib”.
 
Kojinin adından yayılmış cavabda, həmçinin, vurğulanıb ki, Rusiya dövlət orqanları ölkə xaricində vətəndaşlarının hərəkətlərini tam izləyə bilməz.
 
Məlumatda “bu hadisədə müəmmalı amillər mövcud olduğu” qeyd edilib, “rəsmi Bakının Rusiya vətəndaşının  münaqişə zonasına səfər etməsindən xəbərdar olub, olmadığı” ilə bağlı məlumatsızlıq ifadə olunub: “Hər halda onun şəxsiyyət vəsiqəsinin surətini biz məhz Azərbaycan hökumətindən almışıq”.
 
Kojin “Dilqəm Əsgərovun Rusiya XİN-in tövsiyələrinə əməl etməməyə vadar edilmədiyini bilmədiyini” də qeyd edib.