Rusiyalı ekspertlər Putinin Bakı səfərini şərh ediblər

rusiyali-ekspertler-putinin-baki-seferini-serh-edibler
Oxunma sayı: 2483


“Qafqazinfo” xəbər verir ki, Moskva Karnegi Mərkəzinin üzvü, məşhur rusiyalı politoloq, professor Aleksey Malaşenko APA-nın Moskva müxbirinə açıqlamasında bildirib ki, Rusiya prezidentinin Bakıya səfəri olduqca önəm daşıyır: “Bu səfər Rusiyanın Azərbaycan dövlətinə və hakimiyyətinə dəstəyinin göstəricisidir. Vladimir Putin üçüncü dəfə prezident seçiləndən sonra Cənubi Qafqaz ölkələrindən ilk səfərini Azərbaycana etdi. Bu Rusiyanın Azərbaycana nə qədər önəm verdiyini sübut edir. Lakin bu o demək deyil ki, Rusiya digər Cənubi Qafqaz ölkəsi olan Ermənistanla münasibətlərə önəm vermir. Təbii ki, Azərbaycan Cənubi Qafqazın ən əhəmiyyətli strateji ölkəsidir. Qərbin, xüsusi ilə də ABŞ-ın bu ölkədə maraqları güclüdür. Rusiya da istəmir ki, Azərbaycanı bir tərəfdaş kimi itirsin. Çünki, Rusiya dövləti başa düşür ki, Yaxın və Orta Şərqdə, Qafqazlarda siyasətin həyata keçirməsində Azərbaycanın onun yanında olması olduqca vacibdir”.

A. Malaşenko  bildirib ki, Vladimir Putin bu səfəri ilə Rusiya-Azərbaycan arasında son zamanlar yaranan gərgin münasibətlərə son qoyub: “Hər iki dövlət başçısı ölkələrinin bir-biriləri üçün nə qədər önəmli olduğunu bildirdi. Səfər zamanı Putin bu günə kimi bir sıra geosiyasi məsələlərdə Azərbaycanın mövqeyi ilə bağlı ona qaranlıq qalan məsələlərə aydınlıq gətirib. Bu məsələlər Qərbin İrana təzyiqi, Azərbaycanın Rusiyanın təşəbbüskarı olduğu təşkilatlara soyuq münasibəti ilə bağlıdır. Azərbaycan dövləti bir daha öz ərazisindən İrana qarşı təzyiq kimi istifadə edilməsinə icazə verməyəcəyini bildirdi. Bu addım təbii ki, Rusiyanı qane edir. Lakin Gömrük İttifaqı və Avrasiya Birliyi ilə bağlı rəsmi olaraq mövqe səslənməsə də, çox güman ki, bu mövzu da prezidentlər arasında mühüm müzakirə mövzusu olub. Yəqin ki, hər iki tərəfi qane edən bir yol tapılıb”.

Politoloq Rusiya prezidentinin Bakıya səfərini seçki qabağı prosesdə İlham Əliyevə dəstək kimi də qiymətləndirdiyini də söyləyib: “Əminəm ki, İlham Əliyev bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində qalib gələcək. Bunu Rusiya dövləti də bilir. Ona görə də, İlham Əliyev hakimiyyəti ilə dialoqa, əlaqələrin möhkəmləndirilməsinə əhəmiyyət verir”. 

Xəzər Əməkdaşlıq İnstitutunun direktoru, politoloq Sergey Mixeev  açıqlamasında bildirib ki, Vladimir Putinin Bakıya səfəri Azərbaycanın Rusiya üçün olduqca əhəmiyyətli ölkə olduğunun göstəricisidir: “Bu səfər son zamanlar Azərbaycan-Rusiya arasında münasibətlərin gərgin olması ilə bağlı səslənən fikirləri alt-üst etdi. Əgər iki ölkə arasında münasibətlər yazılanlar və deyilənlər qədər gərgin olsaydı, heç bir amil Vladimi Putini Bakıya səfər etməyə məcbur edə bilməzdi, özü də seçkiqabağı vəziyyətdə...”

“Vladimir Putinin səfərinin uğurlu olması elə bu səfərin gerçəkləşməsidir. Çünki bundan qabaq İrana səfər planlaşdırılırdı. Lakin bu baş tutmadı. Bakıya səfər hər iki ölkə üçün vacib idi”. Bu fikirləri isə APA-nın Moskva müxbirinə açıqlamasında İctimai Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, siyasi-hərbi ekspert Vladimir Yevseyev bildirib. Onun sözlərinə görə, son illər ərzində iki ölkə arasında müzakirəsi yarımçıq qalmış bir sıra məsələlər vardı: “Səfər çərçivəsində bu məsələlər müzakirə olundu. Putinin Bakı səfəri onu göstərdi ki, Rusiya oktyabrda keçiriləcək prezident seçkilərini gözləmədən Azərbaycanla yeni potensialla əməkdaşlığa başlaya bilər.

Hesab edirəm ki, prezidentlərin bu görüşü iki ölkə arasındakı işgüzar və siyasi münasibətlərə böyük impuls vermiş oldu. Rusiya-Azərbaycan beynəlxalq problemlərin həllində mövqelərini razılaşdırdılar. Belə olan halda  iki ölkə arasında yeni razılıqların əldə olunması mümkündür. Vladimir Putin hakimiyyəti bir daha əmin oldu ki, Azərbaycana xalqı hazırkı iqtidarı dəstəkləyir və İlham Əliyev qarşıdan gələn seçkilərdən qalib çıxaraq öz hakimiyyətini qoruyub saxlayacaq. Əksi olsaydı, Rusiya prezidenti Bakıya bu ərəfədə səfər etməzdi”.

V. Yevseev Rusiya prezidentinin Bakıya səfəri ilə bağlı Ermənistan dövlətinin narahatçılıq keçirdiyini də şərh edib. Onun sözlərinə görə, Qərb Cənubi Qafqaz ölkələrini öz təsirinə almaq da davam edir: “Hər bir ölkə özü seçim edir. Fərq ondadır ki, Azərbaycanın seçimi hər zaman olduğunu kimi çox istiqamətlidir. Lakin Ermənistanın belə mövqe tutmasında anlaşılmazlıq var. Avropa Birliyi ilə sazişin bağlanmasından söhbət gedir. Anlaşılmazlıq ondan ibarətdir ki, bu ölkə Rusiya ilə birlik münasibətlərinə malikdir. Azərbaycanla Rusiya arasında isə belə münasibət yoxdur. Bu birlik münasibətləri Ermənistana belə addım atmağa haqq vermir”.