Rusiyanın Azərbaycan neftinə qoyduğu qadağa ilə bağlı – Rəsmi açıqlama

rusiyanin-azerbaycan-neftine-qoydugu-qadaga-ile-bagli-resmi-aciqlama
Oxunma sayı: 642

Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan neftinin Rusiya ərazisindən nəqlinin dayandırılması ilə bağlı məlumat yayıb. “Qafqazinfo”nun şirkətin saytına istinadən verdiyi xəbərə görə, məlumatda qeyd olunur ki, Rusiya hökumətinin Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Azərbaycan neftinin Rusiya Federasiyası ərazisindən nəql olunmasına dair 18 yanvar 1996-cı il tarixli Sazişin ləğvi barədə qərarı kütləvi informasiya vasitələrində qeyd olunduğu kimi, siyasi motivli bir qərar deyil, sırf iqtisadi xarakter daşıyır:

“1996-cı il 14 fevral tarixində qüvvəyə minmiş həmin sazişdə qeyd olunur ki, tərəflərdən hər hansı biri sənədin hüquqi hökmünün dayandırılması haqqında təşəbbüs göstərməzsə, sənəd avtomatik olaraq daha bir il müddətinə uzadılır. Bu müddəaya əsasən, Rusiya tərəfinin çıxardığı qərar Sazişin şərtlərinə tam uyğundur. Təqvim ili başa çatmazdan altı ay qabaq Sazişin qüvvədəqalma müddətinin dayandırılması haqda xəbərdarlıq edildiyi təqdirdə həmin müddət növbəti ilin 1 yanvar tarixindən etibarən dayandırılır.

Bu məsələ ARDNŞ üçün gözlənilməz olmayıb. Hər iki tərəf müxtəlif vaxtlarda həllini tapmamış bir sıra məsələləri qaldırıb: Rusiya Federasiyası ərazisindən nəql olunarkən və Novorossiysk limanında saxlanılarkən Azərbaycan neftinin keyfiyyətinin dəyişməməsi, neftin keyfiyyət bankı, daşıma həcmlərinin artırılması, tarif və onun dəyişdirilməsi mexanizmləri.

Rusiya Federasiyası hökumətinin çıxardığı qərar Azərbaycan neftinin dünya bazarlarına daşınması məsələsinə hər hansı mənfi təsir göstərməyəcək. Azərbaycan qısa müddətdə etibarlı ixrac neft-qaz kəmərləri sistemi yaratmağa və diversifikasiya etməyə nail olub.

ARDNŞ Bakı-Novorossiysk neft kəmərinin yerinə yetirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Eyni zamanda Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqlinə dair dövlətlərarası Sazişin qüvvəsinin dayandırılması bu kəmərlə Azərbaycan neftinin nəql olunmasının ümumiyyətlə dayandırılması demək deyil. ARDNŞ bu kəmərin Rusiya Federasiyası ərazisində idarəçiliyini həyata keçirən “Transneft” şirkəti ilə kommersiya danışıqlarının davam etdirilməsinə tərəfdar olduğunu bildirir”.