Rusiyanın dollar qadağası

rusiyanin-dollar-qadagasi
Oxunma sayı: 3100


“Qafqazinfo” xəbər verir ki, “Azadlıq” qəzetinin yazdığına görə, Rusiya dolların rubl qarşısında mövqeyini möhkəmləndirməsinin qarşısını almaq üçün bəzi addımlar atmaqdadır. Amma bu addımlar hələ rəsmi etiraf olunmur. Məlumata görə, artıq bir neçə gündür ki, Rusiyadan xarici dövlətlərə dollar göndərilməsinə qadağa qoyulub. Görünür, Rusiya bununla bazarda dollar kütləsinin azalmasının qarşısını almaqla rublun daha sürətlə düşməsini önləmək istəyir.

Daha bir maraqlı qərar isə valyutadəyişmə məntəqələri ilə bağlıdır. Mənbənin bildirdiyinə görə, rublu dollara dəyişən məntəqələrin qarşısında rublun dollara nisbətdə kursu bir cür yazılsa da, daxildə dəyişmə zamanı kurs tam fərqli, 5-6 rubl baha göstərilir.

Bu addımlar rublun məzənnəsinin qorunması üçün nə dərəcədə effektli sayıla bilər? Və bu addımların sonu necə görünür? Çünki, ekspertlərin fikrincə, bu istiqamətdə verilən qərar bir müddətə rubl üçün əlverişli mühit yaratsa da, iqtisadiyyatda ciddi fəsadlara səbəb ola bilər.

İqtisadçı Samir Əliyev hesab edir ki, Rusiya rublu ilə bağlı baş verənlərin səbəbi aydındır. Rusiyaya tətbiq olunan sanksiyalar, gözlənildiyi kimi, nəticələrini verməkdədir. Həm avronun, həm də dolların sürətlə bahalaşdığını deyən S.Əliyev vurğuladı ki, Rusiya gərgin vəziyyətdədir: “Rusiyada rubl o qədər sürətlə ucuzlaşır ki, onlar bu cür qadağalar tətbiq etməyə məcbur olurlar. Rusiya ölkədən dollar axınının məhdudlaşdırmaqla müəyyən nəticələr əldə edəcəyinə ümid edir. Rəsmi məlumata görə, hər il Rusiyadan Azərbaycana 1.2 milyard dollar pul köçürülür. Azərbaycan bu göstərici ilə MDB ölkələri arasında 4-cü yerdədir. Məsələn, Özbəkistana hardasa 3 milyarda yaxın pul köçürülür. Bu böyük pullar hamısı Rusiyadan dollar formasında çıxır. Bu baxımdan Rusiya hökuməti ölkədən valyutanın çıxarılmasına məhdudiyyət qoymaqla vəziyyəti normallaşdırmağa çalışır”.

Rusiyadan hər il Azərbaycana göndərilən 1.2 milyard dollar vəsaitin ümumi məbləğin kiçik bir hissəsini təşkil etdiyini deyən S.Əliyev vurğuladı ki, bu məbləğ yalnız bank vasitəsilə göndərilən vəsaitdir. Rusiyadan Azərbaycana nağd formada da valyutanın keçirilməsi mövcuddur. Bütün bu amillər ölkədən dollar axınını artırır: “Əgər indiyə qədər kimsə rubl ilə Azərbaycana pul gətirirdisə, indi bu vəsaiti dollar ilə gətirməyə məcburdur. Bu, Rusiya iqtisadiyyatının düşdüyü vəziyyəti göstərir. Rusiyanın Mərkəzi Bankı vəziyyətdən çıxış yolunu tapa bilmir. Çıxış yollarından biri kimi Rusiya ərazisində dollardan istifadəni qadağan etmək seçilib”.

Valyutadəyişmə məntəqələrində rublun fərqli kursla dəyişdirilməsinə gəlincə, S.Əliyevin fikrincə, bu, rublun qeyri-sabitliyindən irəli gəlir. Çünki rublun dəyərinin düşməsi sürətləndiyindən valyutadəyişmə məntəqələri bu sürətə çatdırmırlar. Bir qayda olaraq inflyasiya yüksək olan ölkələrdə bu metodun tətbiq edildiyini deyən S.Əliyev vurğuladı ki, burada eyni zamanda vergidən yayınma halları da mövcuddur.