“Rusiyanın həmsədrliyi ilə bunun nə əlaqəsi?” - Zaxarovadan azərbaycanlı jurnalistə

rusiyanin-hemsedrliyi-ile-bunun-ne-elaqesi
Oxunma sayı: 1957

Azərbaycanlı jurnalist martın 5-6-da Moskvada keçiriləcək “Lazarev klubu” toplantısında işğal olunmuş Azərbaycan torpaqlarında yaradılan separatçı rejimin rəhbərliyinin də iştirak edəcəyinə dair Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovaya sual ünvanlayıb.

“Qafqazinfo” Rusiya XİN-in rəsmi saytına istinadən xəbər verir ki, jurnalist Zaxarovaya “Dövlət Dumasının MDB məsələləri üzrə Komitəsinin sədr müavini Zatulinin təşəbbüsü ilə belə bir toplantının ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın paytaxtında keçirilməsini necə şərh edərsiniz” sualını verib. 

XİN rəsmisi isə bildirib ki, Rusiya sözsüz ki, Minsk qrupunun həmsədridir və rəsmi səviyyədə üzərinə götürdüyü bütün öhdəliklərə əməl edir:

“Rusiyanın ATƏT-in Minsk qrupunundakı həmsədrliyi ilə adıçəkilən forum arasında nə əlaqə var? Siz öz sualınızda elə şeyləri əlaqələndirirsiniz ki, onları əlaqələndirmək lazım deyil. 

Özünüz də qeyd etdiyiniz kimi Moskvada hər gün müxtəlif mövzularda yüzlərlə forum keçirilir. Düşünürəm ki, söhbət onlardan birindən gedir. Əgər sizdə həmin forumda hansısa şəkildə rəsmi şəxslərin iştirakına dair informasya varsa, onu bizə ötürün. Məndə belə bir məlumat yoxdur. Təkrar edirəm, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları tərəfindən keçirilən tədbirlər bizim qanunvericilikdə də təsbit edildiyi kimi onların haqqıdır. Əgər söhbət tədbirdə dövlət orqanlarının nümayəndələrinin rəsmi şəkildə iştirakından gedirsə, mən bunu şərh etməyə hazır olacam, lakin konkret faktlar təqdim edin”.