Rusiyanın qorxduğu məsələ

rusiyanin-qorxdugu-mesele
Oxunma sayı: 3486

Xaləddin İbrahimli

Orta Doğuda bir iş görmək istəyən dövlət hökmən başqa dövlətlərin burada nə işlər görmək istədiyini detalları ilə öyrənməli və təhlil etməlidir. Hazırda bölgədə Türkiyə, İran, Rusiya, Səudiyyə, İsrail, ABŞ və AB-nin timsalında yeddi önəmli aktyor işləyir.

Bunlardan əlavə aparıcı AB dövlətlərinin birlik maraqları xaricində konkret dövlət maraqları da var. Təbii ki, bütün tərəflərin maraqlarını xırdalıqlara qədər təhlil etmək asan məsələ deyil, ancaq zəruridir. Paradoksal görünsə də Türkiyə və qismən də Səudiyyə xaric adıçəkilən tərəflərin maraqlarında bir ortaqlıq var. Bu ortaqlıq Orta Doğunun yeni ciziləcək siyasi şəklində özünü büruzə verir. Ortaq maraqların gerçəkliyə çevrilməsi üçün ABŞ, İsrail və AB İran və Rusiyanın birlik içində bölgədəki hərbi iştirakına qarşı dayanmır, gərginliyin hələ dərinləşdirilməsinə çalışırlar.

İran Orta Doğuda özünə yeni dayaq nöqtələrinin-yeni şiə rejimlərinin yaranmasına çalışır və buna görə də ABŞ, İsrail və AB-nin istəklərinə uyğun olaraq müsəlman dünyasının içərisində məzhəb zəminində parçalanmanı təşviq edir. Rusiyanın Orta Doğuda möhkəm və uzunmüddətli bərqərar olmaq istəyi yoxdur, o, Türkiyəyə qarşı dayanmaqla Qərbin rəğbətini qazanmağı və iqtisadi-maliyyə embarqolarını ortadan qaldırmağı, daha sonra isə “yaxın xaric” adlandırdığı MDB məkanında gücünü artırmağı düşünür. Buna görə də hər iki dövlət Türkiyə ilə Orta Doğu arasında yeni dövlətin qurulmasına, ABŞ, İsrail və AB-nin planlarının gerçəkləşməsinə yardım edir.

Daha konkret ifadə olunsa İran məzhəb zəminində qütbləşmə yaratmaqla İraq və Suriyada yeni şiə dövlətlərinin, Rusiya isə kürdlərə dəstək verməklə bölgədə yeni kürd dövlətinin yaradılmasına dəstək verir. Türkiyədən fərqli olaraq İranın kürd məsələsindən narahat görünməməsi isə onu deyir ki, bu dövlət perspektiv üçün müəyyən vədlər alıb.

ABŞ Türkiyə-Rusiya gərginliyinin “iki ölkə arasındakı bir iş” olduğunu söyləməklə Rusiyaya fəaliyyət sərbəstliyi verildiyi, AB isə Türkiyənin NATO dövləti olmasını xatırlatması ilə Moskvanın daha geniş çaplı hərbi əməliyyatlardan qaçması mesajını verdi. Bütün proseslər bir məcraya yönəlib-Türkiyəni Orta Doğunun siyasi şəkillənməsindən kənarlaşdırmaq, ən azı onun müqavimətini qırmaq və sonuclara razı salmaq. Elə bu məqsədlə Rusiya Türkiyə sərhədlərini ihlal edə-edə düşünülmüş şəkildə təyyarə böhranı yaratdı və indi rahatca bölgədə ona tapşırılan vəzifəni həyata keçirir.

Orta Döğunun yaxın gələcəkdəki mənzərəsi necə görünür? Cenevrədə başlanan danışıqlara rəğmən hərbi əməliyyatlara tezliklə son verilməyəcək. Müharibə gedə-gedə danışıqlar da gedəcək. Danışıqlar prosesinə Suriyadan və İraqdan bir neçə tərəfin qoşulması və İranın bölgədə məzhəb zəminində qütbləşmə yaratma fəaliyyətləri ondan xəbər verir ki, hər iki dövlət əski bütövlüyünü mühafizə edə bilməyəcək, onların yerində perspektivdə də istənilən an savaşa sürüklənən sünni və şiə dövlətləri yaradılacaq. Prosesə kürd təmsilçilərin qatılması isə yeni şəkillənmədən onlara da pay düşəcəyini göstərir. Lakin bu dövlət harada qurulacaq? İran və Türkiyənin fərqli qütblərdə dayanması, Rusiyanın proseslərə cəlb olunması ondan xəbər verir ki, Türkiyə ilə Orta Doğu arasında Aralıq dənizinə çıxışı olan yeni tampon bir dövlətin qurulması və bu yeni dövlət üzərindən Ermənistanın üzünə də açıq sulara qapı açılması planlaşdırılır.

Qərbin və İsrailin burada Rusiyaya fəaliyyət sərbəstliyi verməsi, Moskvanın Türkiyə ilə süni gərginlik və qarşıdurma yaratmaq cəhdləri, bölgədəki silahlı kürd birliklərinə hər cür dəstək verilməsi, türkmənlərin isə tarixən yaşadıqları bölgələri tərk etməyə zorlanması sözügedən tampon dövlətin qurulma planlarından xəbər verir.

Türkiyənin milli maraqları tələb edir ki, İraqda və Suriyadakı türk kökənli toplumların maraqlarından qətiyyən vaz keçməsin, qaçılması mümkün görünməyən yeni siyasi şəkillənmədən onlara da mütləq pay düşməsinin təmin olunmasına çalışsın.

Rusiya üzləşdiyi ağır problemlərdən can qurtarmaq üçün Qərbin istəklərini yerinə yetirməyə hazırdır. Gah Türkiyəni, gah da Səudiyyəni hədələməyin, özünü “dəlioğlanlığa” vurmağın başqa izahı yoxdur. Axı Rusiyanın bu bölgədə nə işi ola bilər?

Ancaq Rusiyanı qorxudan bircə məslə var-ölkədaxilində türk toplumlarının baş qaldırması. Deyəsən V.Putin bu işin hansı sonuclara vara biləcəyini hesablaya bilmir və savaşa girməyə cəsarət etmir.