“Rusiyaya heç bir iddiamız yoxdur”

rusiyaya-hec-bir-iddiamiz-yoxdur
Oxunma sayı: 650

Bunu SalamNews-un xüsusi müxbirinə eksklüziv müsahibəsində Rusiya-Azərbaycan Təşkilatları İttifaqının rəhbəri və Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyatının Ağsaqqallar Şurasının sədri Abbas Abbasov bildirib.

O deyib ki, azərbaycanlıların fəaliyyətini işıqlandırmaq, digər xalqların içərisində öz rolunun, əməyinin göstərilməsi məsələləri, uyğunlaşma və inteqrasiya məsələləri çox mühüm məsələlərdir. Çünki biz tək, öz başımıza yaşaya bilmərik. Biz cəmiyyətin içində yaşayırıqsa, bu cəmiyyətlə ünsiyyətdə olmalıyıq, bu cəmiyyətlə birgə inkişaf etməliyik.

Rusiyada yaşayan azərbaycanlılarla bağlı danışan A.Abbasovun sözlərinə görə, onların hər biri qabiliyyətli, idarəetməni bilən insanlardır, baxmayaraq ki, onlar bir neçə təbəqəyə bölünüblər: "İndi hər bir azərbaycanlıda birlik istəyi, amili o qədər güclüdür ki, mən bu gün Samarada olarkən hiss elədim ki, azərbaycanlılar Rusiya ərazisində özünün toplusunu təşkil edib gücə çevrilmək, Rusiya dövlətinə birgə xidmət etmək istəyirlər. Çünki azərbaycanlıların bir hissəsi indi Rusiya vətəndaşlarıdır. Onlar Azərbaycana tarixi Vətəni kimi baxırlar, ancaq Rusiya da onların ikinci vətənidir. Digərləri müəyyən səbəblərdən Azərbaycandan Rusiyaya gəlirlər. Faydalı əməklə mməşğul olub maddi vəsait əldə etməklə Azərbaycandakı qohum-əqrəbalarına yardım göstərirlər, onlara dəstək olurlar. Azərbaycanlıların ən vacib xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, azərbaycanlılar istəyir ki, digər xalqlardan seçilsinlər. Onlar mərhəmətləri, tərbiyələri əxlaq ilə, ismətləti ilə istəyirlər ki, Azərbaycan cəmiyyətini, xalqını digər xalqlara nümunə göstərsinlər.

O deyib: "Biz bu gün Samarada masa arxasında söhbət edərkən adət-ənənələrimizdən söz açdıq. Rus xalqının nümayəndələri qeyd etdilər ki, biz böyüyə-kiçiyə hörməti sizin xalqdan öyrənirik, bunu mənimsəyirik, bu, çox gözəl xüsusiyyətdir. Sizdəki qonaqpərvərliyi biz özümüzə şamil etmək istəyirik, çünki bunların hamısı insani duyğulara, insani tələblərə xidmət edir. Biz isə böyük qürur hissi duyuruq ki, bizim xalqımızın adət-ənənələrindən digər xalqlar, digər millətlər özləri üçün nümunə götürürlər.”

Şura sədri vurğulayıb ki, indi biz Samara vilayətində çox böyük tarixi əhəmiyyət daşıyan məsələləri qeyd etdik: “Biz Azərbaycan Demokratik Respublikasının yaranmasının 95-illiyini qeyd etdik. 200 ildən çox Azərbaycanla Rusiya birgə məkanda çalışır, xidmət edir. Rusiya Azərbaycanın müttəfiqidir, Azərbaycan da Rusiyanın strateji müttəfiqidir. Biz də istəyirik ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər o qədər dərin, o qədər müsbət, o qədər əlaqəli olsunlar ki, bizim burada yaşayan xalqımız özünü qərib hiss etməsin. Qoy hiss etsin ki, Rusiya ilə Azərbaycan xalqının birliyi həm də dövlətlərarası münasibətlərdən, siyasətdən irəli gəlir.

Bundan əlavə, biz 2013-cü ildə ümummilli liderimiz Heydər Əliyevin 90-illiyini qeyd etdik. Heydər Əliyev dahi bir şəxsiyyət idi, o, Azərbaycan dövlətini dağılmaqdan, çoğrafi xəritədən silinməkdən xilas etdi. Onun əməyi Azərbaycan xalqının qarşısında çox böyükdür.”

Onun sözlərinə görə, Samarada Azərbaycan Mədəniyyət günlərinin iştirakçılarıyıq və fəxr edirik ki, həqiqətən də Samaradakı azərbaycanlılar özlərini ən yüksək səviyyədə təqdim edirlər. Bu gün Samara vilayəti azərbaycanlıları Liqasının 10-illik yubileyidir. Bu bayram günlərində azərbaycanlılar haqqında o qədər xoş sözlər eşitdik ki, bu bizi bundan yalnız fəxr etməyə vadar edir. Biz doğurdan da böyük bir xalqıq, biz sivil bir xalqıq, bizim mədəni irsimiz çox dərinliklərdən gəlir, bizim tariximiz çox qədimdir.

O xatırladıb ki, Rusiya prezidentinin fərmanı ilə Dərbənd şəhərinin 2000 illiyinin qeyd olunması nəzərdə tutulub. Dərbənd vaxtilə Azərbaycanın bir hissəsi olub. Düzdür, bizim bu gün Rusiyaya bununla bağlı heç bir iddiamız yoxdur. Bunun qeyd olunması bizim üçün çox böyük əhəmiyyət kəsb edir, çünki biz qədim xalqıq, biz dəyərli xalqıq.

A.Abbasov deyb: “Mənim Rusiya Azərbaycan Təşkilatları İttifaqının rəhbəri və Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyatı Ağsaqqallar Şurasının sədri kimi bir məqsədim, amalım var – azərbaycanlılar birləşsin, azərbaycanlılar Azərbaycana da, Rusiya Federasiyasına da dəstək olsunlar və bu dostluğun daha da dərin inkişafında fəaliyyətlərini göstərsinlər. Mən bütün Rusiya azərbaycanlılarını Rusiya və Azərbaycan xalqlarının birgə yaşamasının 200-illiyi, ADR-in 95-illiyi, Heydər Əliyevin 90-illiyi münasibətilə təbir edirəm və arzu edirəm ki, xalqımız bu birlikdən geri çəkilməsin. Bizim başqa yolumuz yoxdur, biz bir olmalıyıq, xalqımız eyni nöqtəyə vurmalıdır, çünki bizim Dağlıq Qarabağ kimi böyük problemimiz var. Bu problemi biz birgə olduqda, güclü olduqda həll edə bilərik. Bütün azərbaycanlılara xoş arzularımı, niyyətlərimi bildirirəm. Allah xalqımızı qorusun!.”