Rüstəm İbrahimbəyov ordendən imtina etdi

rustem-ibrahimbeyov-ordenden-imtina-etdi
Oxunma sayı: 631

O, yanvarın 25-də bəyanatla çıxış edib. “Azadlıq” radiosunun məlumatına görə, bəyanatda deyilir ki, bu il yanvarın 23-də Fransa Senatının çıxardığı qərar Fransanı, onun böyük demokratik ənənələrini sevənlərin hər birini heyrətləndirdi və kədərləndirdi.

Bəyanatda bildirilir ki, Fransa parlamentinin qəbul etdiyi, “erməni soyqırımı”nın inkarının cinayət sayılması haqda qanun yüz minlərlə fransızın həyatını qurban verdiyi demokratik dəyərlərə, Azadlıq, Bərabərlik, Qardaşlıq kimi anlayışlara ziddir.

Rüstəm İbrahimbəyov hesab edir ki, belə bir qanun fransızların özünüifadə azadlığını pozur.
Bəyanat müəllifi qeyd edir ki, belə bir qanunun ortaya çıxmasına çalışanlar beynəlxalq münasibətlərdə təhlükəli presedentin əsasını qoymuş olurlar: “Bu yeni qanunun Türkiyə əleyhinə olduğu görünür. Ancaq onun girovları bütün türk dünyasıdır və mən də bir Azərbaycan vətəndaşı kimi elan edirəm ki, bu mürəkkəb vəziyyətdə “Azərbaycan-Fransa” Mədəni Əlaqələr Cəmiyyətinin prezidenti kimi aldığım Fransanın ədəbiyyat və mədəniyyət ordenindən imtina etməyə bilmirəm”.

Yazıçı bəyanatında qeyd edir ki, o, Fransanın Konstitusiya Məhkəməsinin parlamentin bu qədər etiraz və diskussiyalara səbəb olmuş qərarına sağlam düşüncə ilə yanaşıb insan hüquq və azadlıqlarını kobud şəkildə pozan qanunun qüvvəyə minməsinə şərait yaratmayacağına inanmaq istəyir.