Rüstəm İbrahimbəyovu niyə yoxlayırlar?

rustem-ibrahimbeyovu-niye-yoxlayirlar
Oxunma sayı: 648

O qeyd edib ki, hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqında aparılan yoxlama formasına görə növbəli səyyar vergi yoxlamasıdır. Vergi Məcəlləsinin 36.3. maddəsinə görə, bu yoxlama mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Bu halda 20 dekabr 2012-ci ildə başlayan səyyar yoxlamanın 01.06.2009-cu il tarixdən 01.01.2012-ci il tarixədək olan dövrü əhatə etməsinə izahat verilməlidir. Çünki 2012-ci dekabr ayında başlayan səyyar yoxlama Vergi Məcəlləsinin 36.3. maddəsinə görə bütün hallarda 2009-cu il dekabr ayının 20-dən 2012-ci ilin dekabr ayının 20-dək olan müddəti əhatə edə bilər. Bu məsələ ilə əlaqədar olaraq bir neçə məqama diqqəti cəlb edən ekspert bildirib ki, rəsmi açıqlamadan konkret hansı vergilərin büdcədən yayındırılması məlum olmur: “Çox güman ki, söhbət ödəmə mənbəyindən tutulan vergidən, əmək haqqından tutulan gəlir vergisindən və sosial ayırmalardan gedə bilər. Çünki Kinematoqrafçılar İttifaqı təşkilati formasına görə ictimai birlik, yəni qeyri- kommersiya təşkilatı olduğundan mövcud qanunvericliyə görə, bir sıra vergilərdən, o cümlədən də ƏDV və mənfəət vergisindən azaddır. Odur ki, səyyar yoxlamanın əhatə etdiyi müddətin hüquqiliyi şübhə doğurur.”

Başqa arqumenti ilə vergidən yayınmanın həqiqətəuyğunluğunu şübhə altına alan ekspert bildirib ki, rəsmi açıqlamadakı digər ittiham da əsassız görünür: “Vergilər Nazirliyi müəyyən edib ki, XI “Şərq-Qərb” Bakı beynəlxalq kinofestivalının keçirilməsi üçün Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış 330000,00 manat pul vəsaitindən 267130,00 manatı nağd qaydada kinofestivalın xərclərinin ödənilməsi məqsədilə təhtəlhesab şəxslərə verilib. Nazirliyin bununla nə demək istədiyi aydın deyil. Çünki mövcud vergi qanunvericiliyində vəsaitlərin nağd qaydada xərclənməsi ilə bağlı məhdudiyyət yoxdur”. Ekspert nəqliyyat xərci adı ilə 22 min manat məbləğində pul vəsaitinin talanması barədə açıqlamanı da dəyərləndirib: “Belə çıxır ki, festival iştirakçıları Bakıda olduqları müddətdə nəqliyyatdan istifadə etməyiblər. Bu mümkün deyildir. Əgər fəaliyyət varsa, o mütləq xərc və xərcləmələr – yəni maliyyə tələb edir, sadəcə burda söhbət sənədləşmənin uçot və mühasibat qaydalarına müvafiq təşkil olunmamasından gedə bilər ki, bu halda da araşdırmalar getməlidir. Ümid edirəm ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai İstintaq İdarəsinin apardığı istintaq sonda bu həqiqətləri aşkara çıxaracaq”.

İstənilən halda vergi yoxlaması keçirildikdə, vergi orqanının vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyətinə diqqət yetirilməsinin tələb olunduğunu qeyd edən ekspert bildirib ki, əgər doğrudan da bu yoxlamanın hüquqi əsasları və vergidən yayınma halı varsa, bu məsələdə qarşı tərəf olan, büdcə vəsaitini İttifaqa ayıran Mədəniyyət və Turizm Nazirliyi də hüquqi məsuliyyət daşıyır: “Nazirliyin işi təkcə vəsaiti ayırmaqla bitmir. Bu qurum birbaşa vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət işini həyata keçirməli və İttifaqdan aralıq və yekun dövr üçün hesabat tələb etməli idi.”

Qubad İbadoğlu yekunda qeyd edib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı kimi aparıcı vətəndaş cəmiyyəti institutuna qarşı yönələn bu tip məqsədli ittihamlar ölkənin imicinə həm daxildə və həm də xaricdə xələl gətirir.