Rüstəm Orucov gümüş medal qazandı - Yenilənib

rustem-orucov-gumus-medal-qazandi
Oxunma sayı: 4955

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında cüdo yarışlarının ikinci gününə start verilib.

“Qafqazinfo” xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Rüstəm Orucov mübarizəyə qələbə ilə başlayıb. Orucov 1/16 finalda Monteneqro təmsilçisi Sedrik Bessinlə üz-üzə gəlib. 28 yaşlı idmançımız rəqibini 57 saniyəyə ipponla üstələyib. 1/8 finalda isə Orucov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olan italiyalı Fabio Bazile ilə qarşılaşıb. O, Olimpiya çempionuna 3 dəqiqə 27 saniyəyə qalib gələrək, 1/4 finala yüksəlib.

Qeyd edək ki, eyni çəkidə mübarizə aparan digər cüdoçumuz Hidayət Heydərov da 1/8 finala adlayıb. O, 1/16 finalda macarıstanlı Mikloş Unqvariyə vaza-ari xalı ilə qalib gəlib. Heydərovun növbəti rəqibi Din Yaakov Gemer olacaq.

***

Rüstəm Orucov 1/4 finalda Ermənistan təmsilçisi Ferdinand Karapetyana vaza-ari xalı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Rüstəmin növbəti rəqibi yunanıstanlı Georgios Azoidis olacaq.

***

Rüstəm Orucov 1/2 final görüşündə yunanıstanlı Georgios Azoidisə 1 dəqiqə 51 saniyəyə qalib gələrək, adını finala yazdırıb.

**

Rüstəm Orucov ikinci Avropa Oyunlarının gümüş medalını qazanıb.

73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə İsveç təmsilçisi Tommi Masiasa məğlub olub.