“Rüşvət almaq istəsəm elə yerdə görüşərəm?” - Polkovnik

rusvet-almaq-istesem-ele-yerde-goruserem
Oxunma sayı: 3371

Ləğv edilmiş MTN-nin Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərov barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, məhkəmə iclasında çıxış edən M.Əzizov deyib ki, zərərçəkmiş Vidadi Əzizovun vasitəsilə İrandan Azərbaycana gizli yolla hərbi texnika keçiriləcəyi haqda onlara məlumat daxil olub:

“Bununla bağlı əməliyyat qrupu yaradıldı, mənə də tapşırıldı ki, Vidadi Əzizov gördüyü işin müqabilində pul alan yerdə tutulsun. Əməliyyatı isə xüsusi təyinatlılar həyata keçirdi, biz nəzarət edirdik. Onu tutub mənim otağıma gətirdilər. Bankdan pulu götürəndə saxlanıldığı üçün üstündə pul var idi. Pulla mənim işim yox idi, mənə onun xarici əlaqələrini araşdırmaq lazım idi. Vidadinin mənə pul verməsi yalandır. Onu buraxanda pulu da özünə verdik. İstəsəydim elə onda pulun üstündən götürdərdim də, daha niyə sonradan “Hilton” və “Abşeron” otellərinin yanında görüşüb pul alım? Mən əməliyyatçıyam, rüşvət almaq istəsəm elə yerdə görüşərəm? Hər yer kameradır. 

Vidadi dindirləndə xarici xdmət orqanları ilə əməkdaşlıq etməsi sübut olundu. O öhdəlik götürdü ki, İrana və başqa ölkələrə gedəndə bizə məlumat gətirəcək. Mən də bununla bağlı bir dəfə ona zəng etmişəm. Sonra isə Vidadi götürdüyü öhdəliyi yerinə yetirmədi.

Vidadi Əzizov məhkəmədə deyirdi ki, sahibkarlıqla məşğul olub. Bəs ödədiyi vergilər hanı? O deyir ki, müqavilələrində “tam məxfi” yazılıb. Belə müqavilələr yalnız kəşfiyyat orqanlarında olur”.

Zərərçəkən V.Əzizov isə M.Əsgərovun dediklərini yalan adlandırıb: “Xarici orqanlara işləyirdimsə, məni niyə buraxdılar?”

Məhkəmə prosesi oktyabrın 23-də davam etdiriləcək.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə M.Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, zərərçəkmişin mülki iddiası rədd edilib, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakı və onun evindən götürülmüş pul M.Əsgərovun özünə qaytarılmalıdır.

Mirəziz Əsgərov zərərçəkmiş Vidadi Əzizovdan hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham edilir.

Murad Əhməd