Rüşvətxor milyonçudan şərəfli adam

rusvetxor-milyoncudan-serefli-adam
Oxunma sayı: 3278

Xuraman Hüseynzadə

Alış-veriş mərkəzlərindən birindəydik. Orta yaşlı bir kişi arxamızca düşüb bizə mağazaları göstərirdi. Narahat olmağa başladıq. Anamın səbr kasası daşdı. Dedi, ay qardaş, özümüz harda nə satıldığını bilirik, get işinlə məşğul ol. Kişi sakitcə məramını bildirdi: “Ay xanım, əsəbləşmə e, mən harda yaxşı mal olduğunu sizdən yaxşı bilirəm. Sizə kömək edim, mağazaları göstərim, axırda mənə də yüngülvari “hörmət” eləyərsiz.” Bibim əsəbləşdi: “A kişi, get özünə düz-əməlli bir iş tap. Halal zəhmətlə pul qazan. “Vosmoy”da araba çəkmək bundan şərəfli işdi.” Sonra məlum oldu ki, bu dəllal, müştəri apardığı mağazadan da pul alır...

Belələri necə entuziazmla asan yolla pul qazanmaq istəyirlər! Əməkdən qaçırlar. Şəxsiyyətlərini qara qəpiklik etməyə hazırdılar, təki pul qazansınlar.

Elşən bazarda araba sürür. Qışın soyuğunda, yayın qızmarında yorulmaq bilmədən insanlara xidmət göstərir. Ali təhsillidi. Uzun müddət iş axtarıb. Hara gedibsə, rüşvət istəyiblər. Görüb ki, “adamın” və pulun olmadan iş tapmaq mümkün deyil, özü öz başının hayına qalmağa məcbur olub. Bazarda işləməyə başlayıb. Xəstə anası ilə birlikdə yaşayır Elşən. Anasını müalicə etdrir, yağlı-yavan dolanırlar. Deyir, ya gərək acından öləydim, ya da bir işin qulpundan yapışaydım. Əsas odur ki, haram tikə yemir. Heç kimə pul üçün əl açmır. Halal zəhməti ilə dolanır.

Çoxunun yuxarıdan aşağı baxdığı yerlərdə işləyənlərin hamısı halal zəhmətilə dolananlardı. Məsələn, yuxarıda yazdığım zəhmətdən qaçan həmən kişi belələrinə ironiya ilə yanaşar, heç salam da verməz bəlkə...

Uşaq vaxtı şahidi olduğum bir hadisə yadıma düşdü. Rayondaydıq. İki dilənçi qadın gəldi. Qaraçı deyildilər. Başladılar pul almaq üçün yalvar-yaxar eləməyə. Xalamın əri dedi, niyə gedib pambıq yığmırsınız, necə özünüzə sığışdırırsınız dilənməyi? Başladılar bəhanə gəzməyə. Xalamın əri dirəndi bunların üstünə ki, gedək mən sizi kolxoz sədrinin, briqadirin yanına aparım, danışım, halal zəhmətlə pul qazanın. Razılaşdılar. Vədələşdilər. Deyilən vaxtda gəlmədilər. Üç-dörd gündən sonra qonşu məhlədə dilənirdi həmin qadınlar...

Kim nə deyir, desin, halal zəhmətlə pul qazanmaq rüşvət alıb, adam satıb milyonçu olmaqdan qat-qat şərəfli işdi...