“Saakaşvili çox güclü bəyanat verib”

saakasvili-cox-guclu-beyanat-verib
Oxunma sayı: 640

Azərbaycan Təhlükəsizlik Şurasının keçmiş üzvü, xarici siaysət məsələləri üzrə keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Rusiyanın Şimali Qafqazda hərbi gücünü artırması, bunun ölkəmizə mümkün təsirləri barədə Teleqraf.com-un suallarını cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:


- Rusiyanın Dağıstanın Azərbaycanla sərhədində yerləşən Məhərrəmkənd istiqamətində əsgəri qüvvə yerləşdirdiyi bildirilir. Sizcə Şimal qonşumuzun ölkəmizin yaxınlığında hərbi qüvvə toplaması nə ilə bağlıdır?

- Şimali Qafqazda münaqişə səngimək bilmir və getdikcə artır. Putin Dağıstanda vəziyyəti düzəltmək üçün Ramazan Abdullatipovu ora prezident təyin edib. Amma Abdullatipov məsələni həll etmək gücündə deyil. O, heç Dağıstanı yaxşı tanımır. Çünki orada yaşamayıb. Ona görə də Rusiya orada hərbi qüvvələr yerləşdirir. Bir gün orada çeçen müharibəsi kimi savaş balşaya bilər. Amma Rusiyanın Dağıstandan Azərbaycana hücum edəcəyini gözləmək gülüncdür. Rusiya heç vaxt birbaşa Azərbaycana hücum etməz. Rusiya Azərbaycana gözəgörünməz aləti olan Ermənistan vasitəsilə təzyiq etmək istəyir. Cəbhə xəttinin olması Rusiyanın əlində ölkəmizə qarşı təsir rıçaqıdır. Kreml istənilən vaxtda cəbhə xəttində təxribat törədib Azərbaycana zərbə endirə bilər. Düşünmürəm ki, Rusiyanın Dağıstanda hərbi gücünü artırmasının Azərbaycana mənfi təsiri olsun.

- Şimali Qafqazda münaqişə ocaqlarını hərbi güclə yatırmaq mümkündür?

- Yox. Rusiya bui işin öhdəsindən zor gücü ilə gələ bilməyəcək. 400 ildir ki, bu münaqişə davam edir. Birinci Pyotr Çar Rusiyasının başçısı olandan sonra Şimali Qafqazı fəth etmək planı işə düşüb. Pyotr kazakları Şimali Qafaza göndərirdi və orada da yerli əhali ilə aralarında münaqişə olurdu. Problemin həllinin yeganə yolu Şimali Qafqazın Rusiyadan ayrılmasıdır. Şimali Qafqazda müstəqil dövlət qurulmalıdır. Rusiya bunu etmir. Çünki Şimali Qafqazın ayrılması Rusiyada imperiyanın dağılması deməkdir. Bu ayrılma, imperiyanın dağılmasının birinci mərhələsi olardı. Orada qanlı, dəhşətli vəziyyət davam edəcək.

- Rusiyada yaşayan xalqların, mövcud respublikaların müstəqilliyə qovuşması hansı halda mümkün ola bilər?


- Bizim kimi onların da ümidləri qalıb Rusiya imperiyasının çökməsinə. Rusiya iqtisadiyyatı artıq çökür. 7 rayon və Dağlıq Qarabağı o zaman azad edəcəyik ki, Rusiya çöksün. Amma Rusiyada yaşayan xalqların vəziyyəti daha pisdir. Biz artıq 20 ildir ki, müstəqil dövlətik. Yalnız torpaqlarımızın müəyyən hissəsi işğal olunub. Amma Rusiyada yaşayan xalqların vəziyyəti daha ağırdır. Onların heç dövlətçiliyi də olmayıb. Bilinmir Rusiya imperiyası dağılandan sonra orada vəziyyət necə olacaq? Rusiya dünyanın altıda bir hissəsində faciəvi vəziyyət yaradıb. Rusiyanın çökməsi də dəhşətli hadisə olacaq. Rusiyada millətçilərin hakimiyyətə gəlməsi durumu bir qədər də ağırlaşdıra bilər.

- Rusiyanın çökməsi üçün şərait varmı?

- Əlbəttə ki, var. Amma Amerika Rusiyanın çökməsini istəmir. Amerikanın dünyada əsas rəqibi Çindir. Çin sürətlə inkişaf edir. Rusiya isə inkişaf etmir. Təbii sərvətlər azalan kimi Rusiya aşağı düşür. Amma Çin enerji resurslarından asılı deyil. Və yüksək sürətlə inkişaf edir. Yaxın gələcəkdə Çin Amerika münasibətləri daha da pisləşə bilər. Bu zaman Rusiya Amerikaya kömək edə bilər. Rusiya nüvə dövlətidir, böyük ərazisi var. Amerika Rusiyadan istifadə edib Çini zərərsizləşdirə bilər. Əfqanıstanda Rusiya Amerikaya çox köməklik göstərdi. Rusiyanın nəzarət etdiyi Mərkəzi Asiya ölkələrində Amerikanın hərbi bazaları yerləşdirildi.

Rusiya ilə Amerika arasında anlaşma var. Neftin qiymətini müəyyən etmək Amerikanın əlindədir. Rusiya yaxşı bilir ki, Amerika neftin qiymətini istənilən həddə çatdıra bilər. Neftin qiyməti 60 dollara düşsə, Rusiya çökəcək.

- Əgər Rusiyadan Azərbaycana qarşı hərbi həmlələr olsa, Azərbaycan ordusu bunun qarşısını ala biləcək gücdədir?

- Əgər Rusiya Amerika, NATO ilə razılaşıb hansısa ölkənin ərazisinə soxulmaq istəsə, onun qarşısını heç kəs ala bilməyəcək. Azərbaycan Amerikanın marağında olan dövlətdir. Ona görə də Rusiya cəsarət edib Azərbaycan ərazilərinə girə bilməz. 2009-cu ilin avqustunda Rusiya Tiflisə girə bildimi? Yox. Amma Abxaziya və Osetiyanı işğal etdi. Çünki burada Amerikanın marağı var idi. Abxaziya və Osetiya Gürcüstanın inkişafına mane olurdu. Hər iki ərazi Rusiya tərəfindən işğal edildikdən sonra Gürcüstanda demokratik inkişaf vüsət aldı. Amma NATO Rusiyaya Tiflisə girməyə icazə vermədi. Gürcüstan hazırda NATO-ya inteqrasiya istiqamətində çox böyük yol qət edib. Dünyanı idarə edən dövlət Amerikadır. Azərbaycan çalışmalıdır ki, Amerika ilə onun istədiyi istiqamətlərdə yaxşı əməkdaşlıq etsin. Bu, demokratiya, iqtisadi və siyasi islahatlar, hərbi əməkdaşlıq məsələləridir.

- Bu günlərdə Türkiyədə səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib ki, ölkəsinin NATO-ya inteqrasiyası Türkiyə ilə dostluq, qardaşlıq münasibətlərinin yaradılmasından keçir. Türkiyənin bu nüfuzu regondakı münaqişələrin həllinə necə təsir göstərə bilər?

- Əvvəla bildirim ki, Saakaşvili çox güclü bəyanat verib. Türkiyə regionda Amerikanın ən yaxın müttəfiqidir. Ona görə də Saakaşvili belə bir bəyanat verib. ABŞ dövlət katibi Con Kerrinin Ankaraya səfəri zamanı xarici işlər naziri Davudoğlu ilə regional məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini müzakirə etməsi Türkiyənin bölgədəki nüfuzundan xəbər verir. Yəqin ki, bütün hallarda Türkiyə bu cür müzakirələrdə Azərbaycanın maraqlarından çıxış edəcək.