Saatlıda təməlqoyma mərasimi - Fotolar

saatlida-temelqoyma-merasimi-fotolar
Oxunma sayı: 653

“Qafqazinfo”ya Azersu-dan verilən məlumata görə, mərasimdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Saatlı rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin əməkdaşları iştirak ediblər. Bu rayonda yenidənqurma işləri Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında imzalanmış “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində həyata keçiriləcək.

Təməlqoyma mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin təsdiqlədiyi “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının tərkib hissəsi olan bu layihə üzrə işlərin 2014-cü ildə başa çatdırılacağını, istehlakçıların dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunacağını söyləyib.
“Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Saatlı şəhərində 21312, Bəylik, Qıraqlı, Mustafabəyli kəndlərində isə 17219 nəfər olmaqla, ümumilikdə 38531 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.

Layihə çərçivəsində gələcəkdə Əlisoltanlı, Mollavəzli, Bəylər və Potubəyli kəndlərinin də içməli su ilə təmin edilməsi imkanları nəzərdən keçirilir. Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi layihə üzrə işlərin 2014-cü ilin ikinci rübünə qədər başa çatdırılması nəzərdə tutulur.