“Sabah bizi elə də asan oyun gözləmir” - Dieqo Simeone

sabah-bizi-ele-de-asan-oyun-gozlemir
Oxunma sayı: 1497

Çempionlar Liqasının qrup mərhələsində sabah “Qarabağ”ın qonağı olacaq “Atletiko”nun baş məşqçisi Dieqo Simeone oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, argentinalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

- İlk iki oyunda uğursuz çıxış etməyimizə baxmayaraq, komandama inamım tamdır. İnanıram ki, komandam sabah bizə lazım olan nəticəni qazanacaq.

- “Barselona” ilə heç-heçə etdiniz. Bu nəticədən sonra narahatsız?

- Komandamın düzgün yolda olduğunu bilirəm. Çalışırıq ki, oyundan oyuna artıraq. “Roma” ilə qələbə qazanmalı olduğumuz matçda heç-heçə etdik. “Çelsi” ilə oyunda isə son dəqiqələrdə buraxdığımız qolla uduzduq. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanacağımıza inanıram.

- Sabahkı rəqib o qədər də güclü deyil. Hansısa dəyişiklik gözlənilir?

- Komandanın qələbəsi üçün hansı dəyişiklik lazımdırsa, ediləcək. Vaxtilə “Astana” və “Rostov”la oyunlarda xallar itirmişdik. Sabah bizi elə də asan oyun gözləmir.

- “Qarabağ”da hansı oyunçuları təhlükəli hesab edirsiniz?

- “Qarabağ”da mərkəzdə, cinahlarda və hücumda yaxşı oyunçular var. Miçel onlardan biridir. Hər oyuna fərqli hazırlaşırıq. Meydana çıxanda əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.

- “Qarabağ” ispan futboluna yaxın oyun sərgiləyir. Belə komandaya qarşı matç “Atletiko”ya hansı çətinliyi yarada bilər?

- Burda özümü çox yaxşı hiss edirəm. İlk dəfə gələndə də belə olmuşdu. Düzdür, “Qarabağ” ispan futboluna yaxın oyun sərgiləyir. Ancaq bu komanda fərqli-fərqli oyun nümayiş etdirir. “Çelsi” və “Roma”yla oyunlarda tam fərqli oyun sistemindən istifadə etmişdilər. Bu komandaya qarşı oyunda diqqətli olmalıyıq.

- “Çelsi” ilə oyuna kimi komanda La Liqada böyük hesablı qələbələr qazanmışdı. Lakin həmin oyundakı məğlubiyyətin ardından nəticələr pisləşib...

- Biz hər oyuna ciddi yanaşırıq. Öz üzərimizdə daim çalışırıq. Nəticə də özünü göstərəcək.

- “Atletiko” bir müddət öncə Azərbaycanla əməkdaşlıq edirdi. Bizim ölkəmiz və Qarabağ haqda nə deyə bilərsiz?

- Qarabağın tarixi barədə məlumatım yoxdu. Buna görə təəssüf edirəm. Yalnız sizin futbolunuz barədə məlumatım var. Burdakı əməkdaşlıq bizə uğurlu gəlmişdi. Həmin ildə bir çox uğurlar qazanmışdıq.