Sabah Cəbrayıla gedəcəyik...

Sabah Cəbrayıla gedəcəyik...
Oxunma sayı: 3023

Seymur Verdizadə

Hər il yayda sinif yoldaşları öz kəndlərinə gedəndə, mən də Şahini Beyləqanda yaşayan qohumlarımın yanına göndərirdim. İstəyirdim ki, oğlum doğma yurdun yolunu tanısın. Axı biz bir gün Cəbrayıla həmin yolla gedəcəyik...

Üç il əvvəl Beyləqanda olanda Şahin mənə zəng etdi: “Ata, sərin meh əsir”. Bir andaca mənim də qəlbimə sərinlik doldu. Dərhal cavab verdim: “Bizim dağlardan əsən mehdir”.

Oğlum dərindən nəfəs aldı. Hiss etdim ki, bizim dağların mehini ciyərlərinə çəkmək istəyir...

Düz beş il əvvəl, qızımın yeddi yaşı olanda bir gün pencəyimin ətəyindən yapışıb, ayaqlarını yerə döydü: “Məni öz kəndimizə apar!”

Allah heç bir atanı övladının yanında aciz durumda qoymasın. Mən bunun nə qədər dəhşətli hiss olduğunu ilk dəfə həmin gün anladım.

Ertəsi gün bir məqalə yazıb, Xədicənin bu arzusunu ictimailəşdirdim. Aradan 2 saat keçməmiş jurnalist dostum Xanoğlan Əhmədov zəng etdi: “Yır-yığış edin, sabah sizi Yardımlıya, öz kəndimizə qonaq aparacam...”

Amma biz həmin il Yardımlıya getmədik. Xanoğlan əmisinin dəvətinə qızım uşaqlara xas olan şıltaq əda ilə cavab verdi: “Məni aldada bilməzsiniz. Mən Cəbrayıla getmək istəyirəm!”

O vaxt Cəbrayılın yolu daşlı-kəsəkli idi, bu yolla gediş-gəliş çoxdan kəsilmişdi. O vaxt Cəbrayıla getmək qeyri-mümkün idi, bu barədə danışanda adama gülürdülər...

Ötən ilin aprelində baş tutan uğurlu hərbi əməliyyatlardan sonra vəziyyət bizim xeyrimizə dəyişdi. Azərbaycanın qəhrəman oğulları Cəbrayıla gedən cığırı ana yola çevirdilər. Azərbaycan Ordusunun əfsanəvi Lələ Təpə yüksəkliyini geri qaytarması cəbrayıllıların qəlbində ümid işığı yandırdı. Bu işığın zərrəsindən hər bir azərbaycanlıya pay düşdü.

Ötən gün sosial şəbəkələrdə Cəbrayıla gedən yolun şəkillərini gördüm. Bu yol işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə qədər uzanır. İndi orda abad bir kənd var. Bir neçə gündən sonra mərcanlılar öz doğma yurdlarına qayıdacaqlar. Evlərin işığı yanacaq, sobaların üstündə qazanlar qaynayacaq, uşaqların şən qəhqəhələri asimana yüksələcək. Baharın elçisi olan qaranquşlar evlərin tavanında yuva quracaq. Amma heç bir uşaq qaranquşların “ev”lərini dağıtmayacaq. Çünki cəbrayıllılar evsizliyin nə olduğunu yaxşı bilirlər...

Sabah mən də qızımla birlikdə Cocuq Mərcanlıya gedəcəm. Köhnə dostum Oqtayın halal zəhmətinin bəhrəsi olan təndir çörəyindən bir tikə kəsib, o azad, abad kəndin küçələrini bir-bir dolaşacağıq. Sonra Lələ Təpəyə qalxıb, çoxlu gül-çiçək dərəcəyik. Bakıya qayıdanda həmin çiçəkləri Aprel şəhidlərinin məzarları üstə düzəcəyik. Şəhid məzarları gül açacaq...

Sabah Cəbrayıla gedəcəyik. Bizim dağlardan əsən meh qəlbimizə sərinlik, könlümüzə fərəh gətirəcək. Biz o mehi ciyərlərimizə çəkəcəyik...

Sabah Cəbrayıla gedəcəyik. Eşidirsinzimi? Cəb-ra-yı-la...


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi