Sabah onların günüdür

sabah-onlarin-gunudur
Oxunma sayı: 651

Nazirliyin məsul şəxslərinin iştirak etdiyi tədbirlərdə əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara incəsənət ustalarının ifasında musiqili-əyləncəli proqram təqdim edilib, onlara hədiyyələr verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, 1 iyul 2011-ci il tarixə olan məlumata əsasən, respublikamızda 419 598 nəfər əlilliyi olan şəxs var ki, onlardan sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayı 59 207 nəfər təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya üzrə əlilliyi olan şəxslərin əhali tərkibində faiz göstəricisi 10 faizdir, Azərbaycanda isə bu rəqəm 4,4 faiz təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstəricilərdən sayılır.

Təkcə son on il ərzində dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əmək pensiyalarının orta aylıq məbləği 7,6 dəfə, sosial müavinətlərin orta aylıq məbləği isə 4 dəfədən çox yüksəlib.

Ölkədə əlillik təyinatlarının aparılmasına nəzarətin gücləndirilməsi nəticəsində son illərdə ölkədə əlilliyin artım tempinin qarşısı, demək olar ki, tamamilə alınıb, reabilitasiya göstəricisi isə 6 faizədək yüksəlib. Hazırda ölkədəki 14 bərpa mərkəzində hər il reabilitasiya potensialına malik 8 000 nəfərdən çox fiziki məhdudiyyətli insan bərpa-müalicə xidməti ilə təmin olunur.

Eyni zamanda, əlillərin cəmiyyətə fəal inteqrasiyasının təmin olunması məqsədilə 2012-ci ildə ölkədə yeni tipli müəssisənin – Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin inşası başa çatacaq. Bununla yanaşı, digər yeni sosial obyektlərin-Mingəçevir şəhərində Çernobıl əlilləri üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzinin, Müharibə və əmək əlilləri üçün yeni korpusun, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin, Penitensiar müəssisələrdə azad edilənlər üçün Sosial Adaptasiya Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzləri və Sosial Sığınacaqların tikintisi üçün layihə-smeta sənədləri hazırlanır.

Dövlət Proqramına uyğun olaraq, Səhiyyə Nazirliyinin müvafiq Komissiyasının rəyi əsasında Nazirlik tərəfindən 94 nəfər əlilin onları müşayiət edən 61 nəfərlə respublikadan kənar müalicəyə göndərilməsinə, 16 nəfər əlilin respublika daxilində müalicəsinə, 90 nəfərin sosial-məişət problemlərinin həll edilməsinə maddi köməklik göstərilib.

Bunlarla yanaşı, cari ilin iyul-avqust aylarında dayaq hərəkət sistemi məhdud olan 85 nəfər əlilin Ukraynanın Saki şəhərindəki N. Burdenko adına sanatoriyada 28 günlük bərpa-müalicə kursu keçməsi, 575 nəfər imkansız əlilin yay mövsümündə istirahətə göndərilməsi təmin edilib.
Bu il 20 Yanvar faciəsinin ildönümü əlaqədar 455 nəfər əlil və şəhid ailəsinə, Çernobıl qəzasının ildönümü ilə əlaqədar həmin qəzada xəsarət almış 500 nəfər əlilə, 15 sentyabr-Bilik günü münasibətilə tərkibində iki və daha çox sağlamlıq imkanları məhdud məktəbli uşaq olan imkansız ailələrə birdəfəlik maddi yardımların verilməsi təmin edilib.

Cari ildə də müxtəlif bölgələrdə yeni çoxmənzilli və fərdi yaşayış binaları istifadəyə verilmişdir və indiyədək 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunmuşdur. Bu ilin sonunadək daha bir sıra bölgələrdə yeni binalar bu təbəqələrdən olan insanlara təqdim ediləcək. Həmçinin yaxın günlərdə Şəki və Şəmkir rayonlarında hər biri 36 mənzilli, Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binalarının tikintisinə başlanacaq. 2012-ci ildə isə Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli yaşayış binalarının inşası başa çatacaq.

Əlillərin dövlət hesabına avtomaşınlarla təminatı işləri cari ildə də uğurla davam etdirilir və bu il ərzində yerli istehsal olan, keyfiyyəti və müasir dizaynı ilə seçilən 304 ədəd LİFAN markalı minik avtomobilinin müharibə əlillərinə verilməsi nəzərdə tutulub. Ümumiyyətlə, bu vaxtadək 3244 minik avtomobili Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə verilib. Eyni zamanda 7500-ə yaxın əlil arabası ehtiyacı olan əlillərə verilib.

Nigar Məmmədli