Sabah paradda nələr olacaq?

sabah-paradda-neler-olacaq
Oxunma sayı: 4156

“Sabah Bakıda Silahlı Qüvvələrin 100 illiyinə həsr olunmuş  hərbi parad keçiriləcək. Həmin paradda Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun varisi olan müasir Silahlı Qüvvələrimiz öz güc və qüvvətini, eləcə də Ali Baş Komandanın əmrlərinə hər an hazır olduğunu bir daha nümayiş etdirəcək. Bugünkü Azərbaycan Ordusu müstəqil dövlətimizin polad dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır. Bu gün hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş  müasir Azərbaycanımızın güclü-qüvvətli ordusu var. Və bu ordu qarşısına qoyulmuş istənilən tapşırığı yerinə  yetirməyə hər an hazır və qadirdir”.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Modern.az-a sabahkı paradın aparıcısı, polkovnik Abdulla Qurbani məlumat verib.

Qurum rəsmisi bildirib ki, ilk növbədə sabahkı paradda tribuna önündən Silahlı Qüvvələrin piyada heyəti keçəcək.

“Ulu öndər Heydər Əliyevin 1971-ci ildə yaratmış olduğu Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları da tribuna önündən keçəcəklər. Onu da bildirim ki, tribuna önündən Azərbaycan Dövlət Bayrağı və qoşun növlərinin bayraqları aparılacaq. Onun ardınca isə 2016-cı ilin Aprel döyüşləri zamanı Ağdərə, Füzuli, Cəbrayıl rayonunda 800 hektardan çox torpağı azad etmiş, strateji yüksəkliklərə - Lələtəpə və Talış zirvəsinə bayraq sancmış və həmin döyüşlərdə xüsusilə fərqlənmiş hərbi hissələrin, eləcə də bu yaxınlarda Naxçıvanın Şərur rayonunun Günnüt kəndini və strateji yüksəklikləri ələ keçirmiş Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu hərbi hissələrinin döyüş bayraqları Azadlıq meydanına gətiriləcək və tribuna qarşısından keçiriləcək. Bundan başqa, Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantları, xüsusi təyinatlılar tribuna önündən keçəcəklər”.

A.Qurbani qeyd edib ki, budəfəki paradın digərlərindən fərqi ondadır ki, ilk dəfə olaraq Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin parad heyəti tribuna önündən keçəcək:

“Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin parad heyətinə yüzbaşı Doğan Ağsoy başçılıq edəcək”.

O həmçinin bildirib ki, sülhməramlı, əməliyyat imkanları konsepsiyası və əməliyyat ehtiyatları taborlarını təmsil edən parad heyətləri də tribuna önündən keçəcəklər:

“Eləcə də qanunvericilikdə nəzərdə tutulan güc strukturlarının – Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları da parada qoşulacaq. 

Piyada parad heyətlərindən sonra isə Azərbaycan Ordusunun güc və qüdrətinin təqdimatı, hərbi və xüsusi texnikaların keçidi başlanacaq. Orada da çoxtəyinatlı zirehli avtomobillər tribuna önündən keçiriləcək. Bundan əlavə, zirehli avtomobillər, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hərbi zavodlarında istehsal edilmiş mina əleyhinə yüksək müdafiə sistemi ilə təchiz olunan “Maral-1” və “Maral-2” zirehli avtomobilləri, “Hermes-450” pilotsuz uçuş aparatı, “Hermes-900” taktiki pilotsuz uçuş aparatı və digər hərbi texnikalar nümayiş olunacaq. Zirehli tank texnikası da kalonu tribuna önündən keçəcək. Orada da müxtəlif texniki vasitələr nümayiş olunacaq”.

Qurum rəsmisi sabahkı paradda ilk dəfə olaraq bir çox yeni texnikaların nümayiş olunacağını qeyd edib.

“Ordumuzun silahlanmasına yeni daxil olmuş “Xrizantema-S” özüyeriyən TƏİR kompleksi, BTR-82A zirehli transpartyoru, “İldırım”, “Qalxan” hava hücumundan müdafiə  sistemləri, S-300 PMU tipli “Favorit” zenit-raket kompleksləridə ilk dəfə nümayiş olunacaq”.