Sabahdan I sinfə qəbul başlayır

sabahdan-i-sinfe-qebul-baslayir
Oxunma sayı: 1288

2018-2019-cu dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, Bakı şəhərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesinə fevralın 22-dən (saat 10:00), Gəncə və  Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda martın 12-dən start verilir.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçiriləcək. Sentyabrın 15-dək davam edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri üzrə 52, Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. Həmçinin I sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6, Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunub.

Ümumi təhsil müəssisələrinin I sinfinə 15 sentyabr 2018-ci il tarixinədək 6 yaşı tamam olan, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibədən uğurla keçmiş 16 sentyabr 2012-ci il tarixindən 31 dekabr 2012-ci il tarixinədək olan dövrdə anadan olmuş və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir.