Sabiq başçı zəbt etdiyi ərazinin bir hissəsini söküb

sabiq-basci-zebt-etdiyi-erazinin-bir-hissesini-sokub-
Oxunma sayı: 640

Şairin ailəsindən “Qafqazinfo”ya bildiriblər ki, zəbt olunmuş torpaq sahəsinə çəkilən qanunsuz hasarın 2 metri sökülüb, qalan 5 metrin sökülməsindən isə imtina olunub.

Torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədovun icra başçısı işlədiyi zaman anası Biliy Məmmədovanın adına verdiyi sərəncam əsasında zəbt edilib.
Rüstəm Məmmədov 885 saylı həmin sərəncamı 1995-ci il mart ayının 15-də verib. 2011-ci ildə sabiq başçının anası üçün imzaladığı sərəncam əsasında mərhum şair Ağa Laçınlının ailəsinə məxsus sahəyə daş hasar çəkilib. Uzun müddət ərzində problem həllini tapmayıb.

2012-ci il sentyabrın 6-da Ağa Laçınlının həyat yoldaşı Mələk Əliyeva Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının sədri Ramiz Mehdiyevə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə müraciət edib. Müraciətində o, Rüstəm Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini bildirib və Cinayət Məcəlləsinin 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 188-ci (Torpaq üzərində mülkiyyət hüququnu pozma) maddələrinə uyğun olaraq məsuliyyətinin müəyyənləşdirilməsini istəyib.

Ağa Laçınlıya torpaq sahəsi 1995-ci il yanvarın 27-də Səbail Rayon İcra Hakimiyyətinin 373 saylı sərəncamına əsasən verilib. Şair vəfat etdikdən sonra həmin torpaq sahəsi ailənin mülkiyyətində qalıb.