Sabiq məmura cəza istənildi

sabiq-memura-ceza-istenildi
Oxunma sayı: 1639

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq məmur Azad Rufullayevə cəza istənilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək A.Rufullayevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkili müdafiə nitqində müvəkkilinin günahsız olduğunu bildirib. O əlavə edib ki, A.Rufullayev zərərçəkmiş Azad Şərifovla Əjdər adlı şəxsi tanış edib: “Bu adamın onların biznes əlaqələrindən məlumatı olmayıb, Şərifovdan pulu Əjdər alıb, o da yoxa çıxıb, indi axtarışdadır”.

İttihama görə, A.Rufullayev Əjdərlə birlikdə zərərçəkmiş Azad Şərifovdan 456 min manat alaraq biznes qurmaq vədi veriblər və pulu mənimsəyiblər. A.Şərifovdan alınan pulun 300 mini vəzifəli şəxslərə rüşvət kimi verilməli imş. Qalan pulla isə İraqda təsərrüfat malları mağazası açılıb. Lakin alver yaxşı getmədiyi üçün qazanc əldə edə bilməyiblər və biznes çöküb. Bundan sonra isə Şərifov onunla birgə iş görən şəxslərdən şikayətçi olub.

Təqsirləndirilən Azad Rufullayev Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi olub. Onun barəsində araşdırma başlayanda öz ərizəsi ilə işdən çıxıb.

Murad Əhməd