Sabiri yenə hamama qoymurlar!

sabiri-yene-hamama-qoymurlar
Oxunma sayı: 2077

Qan Turalı 

Hər bir xalqı ucaldan onun şəxsiyyətləri, klassikləridir. 

Əlbəttə, burda siyasətçilərin də yeri və rolu var, lakin söhbətimiz mədəniyyət adamları haqqındadır. 

Hüqosuz Fransa, Şekspirsiz İngiltərə, Servantessiz İspaniya nəyə bənzəyərdi?

Mark Tvensiz Amerika nə olardı?

Mirzə Cəlil olmasaydı biz kim idik?

Şair demiş, imzaların içində imzamız olardımı?

“Sənətkarı xalq yaradır” sözü də mənə qətiyyən patetik gəlmir. 

Sənətkar məhz xalqın arasından çıxır və onu yaşadan da xalqın münasibətidir. 

Bəli, ilk anda xalq sənətkarın qiymətini anlamaya bilər, klassiklərin çəkdikləri əziyyət buna canlı bir misaldır.


Sabirin şeirlərini sevmək nədir, ondan sabun belə almırdılar, gün gəldi şairi hamama belə qoymadılar.

Təsəvvür edirsinizmi?

Özü sabun dükanında Abdulla Şaiqə deyirdi bu avam camaatın daxili təmizləmək əlimdən gəlmir, heç olmasa zahirini təmizləyim. 

Sabun bişirən şairi hamama da qoymadılar!

Burdan Cəbiş müəllimin sabun bişirməyi nə qədər təbii görünür. 

Bununla belə çox keçmədən təkcə yerliləri yox, bütöv Azərbaycan xalqı Sabirlə fəxr etməyə başladılar.

Bu mənada bu sevgi, bu hörmətdir klassikləri yaşadan.

Bir qismində ölümündən sonra olsa belə.

Bəs bu gün vəziyyət necədir?

Xalqımızın mədəniyyətə qiyməti adekvatdırmı?

Bu gün Sabiri hamama qoyurlarmı?

Bu gün mədəniyyətin bazar iqtisadiyyatının sərt tələbləri ilə üzbəüz dayanıb.

Bəziləri Üzeyir Mehdizadədən şikayət edirlər.

Üzeyir Mehdizadə Üzeyir bəyi üstələyir deyirlər.

Əlbəttə, Üzeyir Mehdizadənin varlığında neqativ bir çalar görmürəm.

Mirzə demiş, onu zəmanə özü yaradıb, təbiət özü yaradıb. 

Faciə Mehdizadənin varlığı deyil, Üzeyir bəyin yoxluğudur.

Bir anlıq düşünək, Azərbaycanda cəmi bir Opera teatrı varsa, xalqımız hələ də operanı özününküləşdirə bilməyibsə Üzeyir bəyin, o zamanların gənc və parlaq jurnalistinin hər şeyi kənara qoyub opera yazmağının mahiyyəti nədən ibarət idi?

Söz yox ki, Üzeyir bəy o zamanlar ancaq Qori seminariyasından aldığı sadə musiqi təhsili ilə yaratdığı opera ilə Azərbaycan mədəniyyətinə əvəzsiz bir töhfə verdi.

Bəs bu gün necə?

Opera sənətimiz çoxmu ucalıqdadır?

Üzeyir bəyin apardığı mübarizə bu gün də başa çatmayıb. 

Sənət daim mübarizədədir, onun düşmənləri olan nadanlıq, xürafat, cəhalət hələ də oyaqdır. 

Bəlkə də yüz il əvvəlkindən daha oyaqdır, daha güclüdür, daha diridir. 

“Bir cənub şəhərində”n gəlib “Stalinin başı”na çıxmışıq.

Hər bir insan bu barədə öz məsuliyyətini dərindən dərk etməlidir.

Sevdiyi yazıçının kitabını almalıdır, teatra getməlidir, yaxşı hesab elıdiyi filmə getməlidir.

Savadsız yəhudilərin belə yəhudi dilində çıxan qəzeti aldıqları barədə çox oxumuşuq.

Amma o nümunəni göstərmək gərəkdir. 

Yeni Üzeyirlər, Sabirlər, Mirzə Cəlillər üçün...