Saç-saqqalına dolaşanlar

sac-saqqalina-dolasanlar
Oxunma sayı: 2020

Nərmin Dadaşova


Bir dəfə gənc şair öz əlyazmalarını “Mən niyə sağam?!” adı altında redaktor Mark Tvenə göndərərək ondan rəy gözləyir. Bir neçə gün sonra gənc şair böyük yazıçıdan belə bir cavab alır: “Ona görə sağsan ki, şeirlərini redaksiyaya özün gətirməmisən!”

Bir müddət Azərbaycan ədəbiyyatında şeir yazmaq bumu yaşandı. Gənc oğlanlar və qızlar kütləvi şəkildə şairlik iddiasına düşdülər. Yaxşı yadımdadır, həmin ərəfələrdə facebook qan ağlayırdı, kədərli statuslar, ölümə təhrik edən şeir misraları, intihar cəhdləri və daha nələr, nələr.

Hansı gün ki, şairlərin təbi gəlmirdi, ağlamağa, qan qusmağa səbəbləri olmurdu, köməklərinə bu misra çatırdı. “Gəl sənə təsəlli verim: darıxma, düzəlməyəcək!”. 

Onda mənim Mədəniyyət qəzetində esselərim dərc olunurdu. Kövrək yazılar yazırdım, olduqca kədərli idim, balaca şeylərdən böyük isterikalar çıxarırdım beynimdə, qadınların lənətləndiyini düşünürdüm, Ahmet Kayaya qulaq asıb dərin depresiyaya düşürdüm, sistemsiz şəkildə mütaliə edirdim, məsələn, Kafkanın "Çevrilmə"sini bitirib "Ovod"u oxumağa başlamışdım. O dünya ilə bu dünya arasında- Arafda idim. Ailəmin göndərdiyi həftəlik xərcliyə kitab alıb, bütün həftəni qəpik -quruşla dolanırdım. Belə həftələrdən birində sonuncu puluma Cek Londonun “Martin İden” romanını almışdım. Bütün ürəyini qoyub yazdığı yazılardan kiçik qonorar alan bir gənc üçün bu romanı oxumağın nə demək olduğunu hər halda özününüz təsəvvür edirsiniz. Kitabın ortasına çatanda içimdə qəribə bir hiss var idi, Martin İdeni qucaqlayıb hönkür-hönkür ağlamaq istəyirdim.

Zaman keçdikcə gənclər şairliklərini həyat tərzinə çevirdilər. Artıq daha az şeir yazıb daha çox şəkil çəkdirirdilər. Kədərli şəkillər... Beləlikdə “şeir bumu” yerini “saç-saqqal bumu” na verdi. “Kimin misrası daha kədərlidir” sualını “kimin saçı daha kədərlidir” sualı əvəz etməyə başladı. “Darıxma düzəlməyəcək” misralarını “Çox da ciddiyə alma bu həyatı, onsuz da içindən sağ çıxmayacaqsan” misraları əvəz edirdi. Bu dövr daha məşəqqətli idi.

Sonra yenə zaman ələyini də götürüb köməyimizə gəldi, gənclərin çoxu ələkdən keçə bilmədilər, saç-saqqallarına dolaşıb qaldılar. Tənqidə dözümsüz olan, bütün günü bir-birinin misralarını tərifləyən, bütün pis vərdişlərini, tərbiyyəsiz davranışlarını “əşşi , şairdi də” deyib ört basdır edən gənclik, bir atım barıtlarını atıb niyə söndülər? Çünki onlar ancaq bir-birilərindən dəstək alırdılar, bir birilərindən təsirlənirdilər. Bir birinin kədərinə ağlayırdılar, bir-birinin yalanlarına şeir həsr edirdilər. Hardasa bir yerdə boyunbağının ipi qırıldımı, səpələndi yerə-yurda kələ-kötür mirvarilər. Zahir Əzəmətin 7-8 il bundan qabaq yazdığı bir yazını xatırlayıram. Ədəbiyyatçı olmaqçün 3 əsas şərt olduğunu yazmışdı. İstedad, cəsarət və düzgün mütaliə. O bumdan çıxıb ədəbiyyatçı kimi yoluna davam edə bilənlər də oldu əlbət. Müasir dövr Azərbaycan ədəbiyyatında sözün əsl mənasında parlaq imzalar az deyil. Ancaq onlar hələ də nə imzaları, nə də yazıları ilə Biləcəridən o yanda tanınmırlar. Tanınanlara da xalq səmimi qəlbdən nifrət edir.Məsələn, Seymur Baycan. İstedadlıdır, cəsarətli və mütaliəlidir. Ancaq yazılarının böyük əksəriyyəti aqressiya ilə qarşılanır. Məsələn Seymurun qadınlar haqqında fikirlərini oxuyan orta statistik Azərbaycan qadınına “Seymur Baycanın sonuncu hekayəsini oxu” desən, ən yaxşı halda sənin saç- başını yolar.

Nə qədər ki, yazıçılarımız bir-iki yaxşı misra yazan kimi dahilik eşqinə düşəcəklər, nə qədər ki, bir birilərini sağlam tənqid edə bilməyəcəklər, yaxşının başından basıb pisi göyə qaldıracaqlar, qısası, nə zamana qədər ki, ədəbiyyata, şeirə şəxsi münasibətlərə görə qiymət verəcəklər bizdə nə Nazımlar, nə Çexovlar, nə də Svetayevalar yetişməyəcək.

Nazim Hikmət cəmi 26 yaşında “Günəşi içənlərin Türküsü”nü yazmışdı. Bizdə isə 26 yaşlı şairlər 40 yaşlarına qədər "gənc yazar" titulunun arxasında gizlənib, Bakı arağının sədaları ilə sevgi şeirləri yazıb qan ağlayırlar...