Saçınız ürəyinizcə deyil?

saciniz-ureyinizce-deyil
Oxunma sayı: 901

Yay aylarında qadınların ən çox narahat edən saçlarının həcmli qalmamasıdır. Xüsusilə də, Bakı kimi rutubət və küləyin yüksək olduğu yerlərdə saçlar yeni yuyulmasına baxmayaraq tez bir zamanda formasını itirir.

“Qafqazinfo” bu məqamda saçınızın arzuladığınız formada qalması üçün bəzi detalları təqdim edir:

Saçlarınızın daha həcmli görünməsini istəyirsinizsə, əvvəlcə onu doğru bir formada qurutmalısınız. Məsələn, duşdan sonra dəsmalın çalma formasında uzun müddət başda qalması saçların həcmli görünməsinə mane olur. Dəsmalla bir neçə toxunuşdan sonra saçları fen vasitəsilə qurutmaq daha məqsədəuyğundur.

Gündəlik olaraq saç fenlərindən istifadə edirsinizsə, saç qırıqlarının yaranmaması üçün saçınız sulu olduğu zaman yalnız uclarına az miqdarda badam, kokos və bu kimi yağlardan vura bilərsiniz.

Saçınızı bacardığınız qədər əks istiqamətlərə qurutmağa çalışın. Bu zaman daha həcmli görünəcək. Bundan başqa, saç uclarınızın zədələnməsini istəmirsinizsə, sulu halda daramaqdan çəkinin. 

Əgər hələ də saçınızın yetəri qədər həcmli göründüyünü düşünmürsüzsə, onda saç bandlarından kömək ala bilərsiz. Belə ki, ya saçınızın tamamını, ya da sadəcə ön hissəsini maksimum dərəcədə yüksəkdən toplayın. Burada xüsusi diqqət ediləcək məqam saçda xoşagəlməz band izi saxlamamaqdır. Bunun üçün də saçınıza əvvəlcə bir parça (bu corabınız da ola bilər) sarımaq, onun üstündən bandı taxmaqdır.

Yox əgər saçınızı toplayacaqsınızsa, bu zaman da balaca bir “broşka” yardımınıza gələcək. Saçınızı topladıqdan sonra iki hissəyə ayırın və şəkildə olduğu kimi alt hissəsinə "broşka" vurun. Bundan başqa, saçınızı yığmaqdan qabaq daraqla qabarda bilərsiniz. Bu zaman daha həcmli görünəcək.

Bütün etdiklərinizə baxmayaraq saçınız yenə həcmli görünmürsə, bu zaman saç lakı və ya quru şampunlardan istifadə edə bilərsiniz. Daraqla saçınızı qabartıqdan sonra, alt hissəsinə az miqdarda lak vurub bir müddət əks istiqamətdə saxlayın. 

Günel Hacı