“Şagirdin çantasının çəkisi 12 kiloqrama çatır”

sagirdin-cantasinin-cekisi-12-kiloqrama-catir
Oxunma sayı: 1360

“Düşünürəm ki, orta təhsil sistemi bir qədər sadələşdirilməlidir. Şagirdi bu qədər yükləmək olmaz. Bir gün gedib orta məktəblərin qarşısında duraq və oradan çıxan uşaqların vəziyyətinı tamaşa edək. O uşaqlardan gələcəkdə nə hərbçi, nə əsgər, nə də digər hüquq-mühafizə orqanlarının adam seçib götürmək olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu YAP-çı deputat Siyavuş Novruzov parlamentdə “Ümumi təhsil haqqında” qanun layihəsinin birinci oxunuşu zamanı müzakirəsində deyib. Onun sözlərinə görə, vaxtilə idmana, əyləncəyə və təhsilə də vaxt ayrılırdı: “Uşaq hər tərəfli inkişaf edirdi. Az qala, Cənubi Koreyanı keçmişik. Uşaq səhər saat 8-dən axşam saat 10-a  qədər ancaq təhsil almaqla məşğuldur. Cənubi Koreyada bu 12-13 saat çəkir. Düşünürəm ki, burada hansısa sadələşdirmə üsulu tətbiq etməliyik. 

Valideynlər repitotorlar tutur. Elə valideyn var ki, bu gün nəinki repititor tutur, hətta “çantadaşıyan” da tutur. 
Çantaların çəkisi 12 kiloqrama çatır. 2-5-ci siniflərdə oxuyan uşaqlar onu özləri apara bilmirlər. Bununla bağlı da hansısa qərar qəbul etmək də lazımdır. Həmişə bu məsələ ciddi şəkildə müzakirə olunur. 

Dərsliklərə bağlı elan vermək lazımdır ki, kim dərslik yaza bilər və kimlər orada ola bilər?"

Deputat yeni tikilən məktəblərdən də danışıb:

"Həmçinin yeni məktəblərin tikilməsinin tərəfdarıyam. Amma bu məktəblər harada tikilməlidir? Elə rayonlar var ki, 153 məktəbi var. Onun 50-sində hərəsində 3 uşaq oxuyur. Ancaq həmin məktəblərin direktoru, müəllimləri və digər texniki işçiləri var. Bunun dünyada tətbiq forması var. Beş kəndin uşaqlarını yığıb avtobusla  mərkəzə gətirmək olar. İndi biz Amerikadan o tərəfə keçməyəcəyik ki?  İnkişaf etmiş dövlətlərdə də bu var. Belə etsək, nə qədər vəsaitə qənaət etmiş olarıq”.

 Deputat Qüdrət Həsənquliyev də  repetitor məsələsinin problemə çevrildiyini və məsələnin qanunla tənzimlənməsinin vacibliyinə toxunub: “Bu məsələ neçə illərdir ki, aktualdır: “ Gedib orta məktəbədə sorğu keçirsən bəlkə iki-üç uşaq repetitor yanına getmədiyini görəcəksiniz. Ona görə də məsələni  sözügedən qanunla tənzimləməyə ehtiyac var.
 Həmçinin qeyd edim ki,  Dünya Bankının bu yaxındakı açıqladığı hesabata görə, Azərbaycan region ölkələrinə nisbətən alimlərin və ümumi təhsil müəssislərinin sayına görə geridə qalır. Bu hesabatdan yola çıxaraq “Ümumi təhsil haqqında “ qanuna  bir sıra ciddi məsələləri salmalıyıq. Həmçinin ikinövbəli tədrisi də də ləğv etməliyiq. Bu dünyada çoxdan ləğv edilib”.

 Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

 Günel Türksoy