“Sağlı-sollu sevdim özümü...”

“Sağlı-sollu sevdim özümü...”
Oxunma sayı: 895

Bəli, bu, mənəm. Qamətim hər kəsdə olduğu kimi düz deyil. Çünki anadangəlmə skoliozum var. İstəsəm də sizinki kimi simmetrik ola bilməz çiyinlərim. İstəsəm də... Ancaq düzünü desəm, artıq istəmirəm. İllərlə davam edən müalicələr, karset,  taxtadan yataq, idmanlar və s.

Mümkün olduğu qədər düzəlib. "Buna da şükür" deyib yoluma davam edirəm... Ömrüm boyu nə qeyri-simmetrik çiyinlərimdən, nə də qabarıq kürək sümüyümdən utandım. Onları gizlətməyə çalışmadım. Saçlarımı uzatdım, ancaq kürəyimi örtmək üçün yox, uzun saçı sevdiyim üçün. Karsetlə məktəbə gedəndə başqalarının bilərəkdən kürəyimə yavaşca toxunub "əyninə nəsə geyinib" demələrinə əsla fikir vermədim. Əksinə, "bilmək istəyirsənsə, deyim, bədənimdə karset var" deyib gülümsəyirdim. İndi də gülümsəyirəm, bütün olmazlara inad. Əldə etdiyim hər şeyi, təhsilimi, işimi, dostlarımı o gülümsəməyə borcluyam. Həyat kədərlənmək üçün çox qısadır. Və mən bu dar zamana ağlamağı, üzülməyi sığdıra bilmərəm.  Baxmayaraq ki, bunun üçün kifayət qədər bəhanəm var idi. Çünki ağrıdan ağlamağı belə unutduğum zamanlar olurdu. Hər gecə karsetin yara etdiyi kürəyimin üstə taxta yataqda yatmaq elə də asan deyildi. Buna valideynlərin çəkdiyi əzabı da əlavə etsək, depressiv, sulugöz olmaq üçün əsaslarım var idi demək olar. Amma mən heç birini seçmədim. Gülümsəməyi və xoşbəxt olmağı seçdim. Olduğum kimi sevdim özümü. Sağ çiyni soldan hündür, sağ kürək sümüyü soldakından qabarıq, onurğası sağ tərəfə əyilmiş şəkildə sevdim. Sağlı-sollu sevdim özümü. Əyri-üyrü. Bədənimi yox, ruhumu gözəlləşdirməyi hədəf seçdim.Hüqonun da dediyi kimi "sadəcə bədənləri, görüntüləri sevənlərə əfsuslar olsun. Ölüm hər şeyi yox edəcək.  Ruhları sevməyi sınayın".

Ürəyimizdə daşıdıqlarımızın rəngi üzümüzdə əks olunur, ürəyimizdən muğayat olaq. Onu gözəlləşdirək ki, ruhumuz çiçək kimi olsun. Bədənlərimiz bir az fərqli də olsa olar... 

Qeyd edək ki, iyun ayı skaliozla mübarizə ayıdır.

Ruhəngiz Hacıyeva


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi