“Şahdağ” mövsümü açdı - Fotolar

sahdag-movsumu-acdi
Oxunma sayı: 4555

Dekabrın 16-da Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan və Azərbaycan turizm tarixində ən genişmiqyaslı layihə hesab olunan “Şahdağ” Turizm Mərkəzində sayca altıncı qış mövsümü açıq elan edilib. 

"Qafqazinfo" xəbər verir ki, bu tarix xizək mövsümünün açılışını həsrətlə gözləyənlər üçün bayram əhval-ruhiyyəsi ilə yadda qalıb, açılış gününə özəl olaraq yerli brendlərdən ibarət qış yarmarkası ilə yanaşı, canlı musiqi ilə müşaiyət olunan konsert proqramı təşkil olunub.

İlk dəfə olaraq məhz açılış günü izdiham yaşanıb, gün ərzində mərkəzi 3000-dən çox turist ziyarət edib. Keçən il qış mövsümü ərzində 95 000-dən çox turist qəbul edən mərkəzə üz tutan turistlərin, eləcə də xarici turistlərin sayı ilbəil artdığından bu mövsümün keçən ilki rəqəmləri üstələyəcəyi proqnozlaşdırılır.

Açılış günü maraqlı anlar yaşanıb, üç il əvvəl məhz Şahdağda tanış olan cütlük toy mərasimlərini qeyd etmək üçün bəyaz Şahdağ yamaclarını seçiblər.

Hər il olduğu kimi bu il də xizək və snoubord sürmə ilə yanaşı 13 müxtəlif qış əyləncəsi ilə də turistlərin ixtiyarına verilib. Ənənəvi əyləncələr sırasına parapalan (dağ paraşütü) xidməti də əlavə edilib.

Qeyd edək ki, bütün əyləncələrdən istifadə zamanı turistlər hər cür təhlükəsizlik ləvazimatları ilə təmin edilir və daim bələdçilərin nəzarətində olurlar.