Sahibkarın məşuqə saxlamaq imicini dəyişmək

Sahibkarın məşuqə saxlamaq imicini dəyişmək
Oxunma sayı: 1559

Azər Qismət

Bir dəfə Ukrayna prankı Yevgeniy Volnovla Qafqaz xalqlarından birinin nümayəndəsinin telefon söhbətinə qulaq asdım. Bütün MDB məkanında pranklar arasında özünəməxsusluğu ilə seçilən Volnovun çox qəribə üslubu var. O, adi adamlara, siyasətçilərə, müxalifətçilərə zəng edərək onları təbdən çıxarır, hərdən söyüş söyür, hərdən psixoloji söhbətlər aparır. Bununla da bir xalqın digər xalq barəsindəki fikirlərini öyrənir, yaxud müasir cəmiyyətdə adamları panik-atak vəziyyətinə salaraq içlərini, nə düşündüklərini açır. Və heç kim də Volnovu yaxalaya bilmir. Çünki onun telefon nömrəsinin hansı ölkəyə məxsus olmasını bilmək çətindir. Volnovdan sonra xüsusən Rusiya və Ukraynada prankların sayı artdı. Bəzi mənbələrin söylədiyinə görə pranklar təhlükəsizlik idarələri ilə bağlı olanlardır. Əlbəttə, hardasa buna dair şübhələr var. Ancaq tam sübut etmək çətindir.

Söhbətdən uzaqlaşmayaq. Deməli, günlərin bir günündə Yevgeni Volnov qafqazlıya zəng edib ləhcə ilə danışaraq özünü azərbaycanlı kimi təqdim etdi, guya adı da Nərimandır. Qafqazlı bizim “xəzər” olduğumuzu dedi. Özü də “siz xəzərsiz” sözünü sanki təhqir formasında səsləndirdi. Bunu yerli tarixçilər araşdırsalar,  yaxşı olar. Onu da əlavə etd ki, azərbaycanlılar Rusiya bazarlarında gəlib-gedənə xiyar-pomidor satırlar. Haqqına qalsa, Volnov bizi  müdafiə etməyə çalışdı. Bildirdi ki, halal zəhmətlə qazanmaq heç vaxt çirkinlik sayılmayıb. Qafqazlı isə mənsub olduğu milləti öyüb dünya və olimpiya çempionatlarında, əsasən də güləşdə qazandıqları medalları xatırlatdı. Volnovun bir sözü yaxşı mənada ürəyimi deşib keçdi. Qarşı tərəfə dedi ki, “bəs, sənin xalqından bircə şahmatçı çıxıbmı?  Çıxmayıb. Çünki sizin beyniniz yoxdur”. Bax, bu yerdə çox düşünməli oldum. Deməli, hər xalqdan şahmatçı  çıxmır. Dünya çempionlarını o ölkələrə müəllim kimi dərs deməyə göndərsən də, xeyri yoxdur. Yaponiya kimi ölkədə hər il şahmatın inkişafına milyonlar xərclənir. Ancaq Azərbaycan kimi kiçik ölkənin qrossmeystlərinə hələ də çata bilməyiblər. Bizim də fəxr eləməli nəyimizsə var. Bu yerdə təbii ki, ortaya sual çıxacaq ki, yaponun beyni olmasa texnologiya cəhətdən dünyaya liderlik etməz. Razıyam. Elə məsələ də bundadır ki, yapon elmə meyillənib, biz isə onlardan geri qalmayan beynimizi qarpıza yönləndirmişik. Deməli, yapon beynini tam şahmata yönəltsə, onun da beynəlxalq yarışlara çıxası adamı olar. Bu dünyada beyinli, dərindən düşünən, götür-qoy edən, xırdalığına qədər təhlil aparan 10-15 millət var. Biz onların içindəyik. Tam ciddi mənada.   

Qədim yunan mifologiyasında Kaissa şahmat ilahəsi hesab olunurdu.  İtaliyanın Marostika şəhərində isə 1454-cü ildən etibarən hər cüt ilin sentyabrında şahmat yarışı keçirilir. Bütün iştirakçılar milli geyimdə olur. Bunun da öz maraqlı tarixçəsi var. Həmin ildə 2 gənc senyorun Eleonora adlı qızını sevdikləri üçün bir-birini duelə çağırırlar. Lakin ağıllı senyor işi qanla yox, ağılla həll etməyi təklif edir: qalib gələn Eleonoranı, məğlub olan isə onun bacısını alır. Söhbətin İtaliya İntibahı dövründən getdiyini isə uzun-uzadı xatırlatmağa ehtiyac yoxdur. Yəni, şahmat bu situasiyada sülhün təminatçlısl kimi çıxış edir. Biz sülh aşılayırıq. 

Beyni olmayan xalqdan şahmatçı çıxmır. Şahmat xalqın beyin səviyyəsinin göstəricisidir. Şahmat taktiki gediş, dolanbac yollardan baş çıxarmaq üstünlüyüdür. Şahmat müdriklik, səbr, vaxtı yetişəndə zərbə endirmək keyfiyyətidir. Beyin olmasa, şahmatda qalibiyyət əldə edilməz. Azərbaycanlılar beyinli xalqdır. Ən çətin situasiyalardan çıxmağı bacarırlar. SSRİ dağılanda, respublikalar arasında əlaqələr itəndə azərbaycanlılar özlərini itirmədilər. Tezliklə qonşularla – Türkiyə, İran və Rusiya ilə ticarətlər aparıldı, taxıl ehtiyatı qurtaranda mağazalarda un, ümumiyyətlə bütün ərzaq məhsulları göründü. Aydın məsələdir ki, keyfiyyət arxa planda idi. Ancaq xalq bir gün ərzaqsız qalmadı. Ticarətçilərimiz beyin işlədib pul qazandılar. Düzdür, əksər hallarda çətinlikdən çıxmaq şərəfin satılmasına qədər  gedib çıxır, ancaq unutmayaq ki, insan xisləti alıb-aldatmağa meyillidir, bu, çox xalqlarda var. Biz vəziyyətdən qurtulmağı bacarırıq. 

Adi misal çəkək. Quba sakini 15 yaşlı qızın yağış suyundan enerji alması layihəsi İvanka Trampı təəccübləndirmişdi. Halbuki, yüzlərlə belə ixtiralar ortaya qoyarıq. Sadəcə, beyinli xalqı elmə yönləndərmək lazımdır. Yuxarıda qeyd etdiyim yaponlar kimi. Xalqımız pulu sevir. Onun üçün nələr etməz ki?! Məhz bu zəif nöqtədən yararlanmaq lazımdır. Bizim sahibkarların pulu çox olsa da, daha çox qazanmaq və biznesin diversifikasiyası ideyası ağıllarına gəlmir. Təsəvvür edin ki, təkcə bir müsabiqə keçirməklə, onlarla ixtira toplayarlar. Müsabiqənin mükafat fondunu 10 min dollar etsələr, bir həftəyə münsiflər heyətinə onlarla ixtira göndəriləcək. Həm ixtiraçı qazancaq, həm də sahibkar. Yəni, yeni üsul sahibkarın məşuqələr saxlamaq imicini dəyişdirəcək, ona başucalığı gətirəcək. Təki pul olsun. Bir gecədə ağzını ayırıb ulduzlara baxanlar da ixtiralar düşünər. Əqli mülkiyyətdən istifadə zamanıdır. Nəzərə alaq ki, o, sadəcə gözümüzün qarşısındadır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi