Sahibkarlar bir araya gəldilər

sahibkarlar-bir-araya-geldiler
Oxunma sayı: 679

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə Bakı qəsəbələrində fəaliyyət göstərən 300-dək sahibkar iştirak edib. Tədbirdən əvvəl əsas hissəsi güzəştli kreditlər hesabına maliyyələşdirilmiş Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində “VAQA LTD” MMC-nin illik istehsal gücü 16,9 min ton olan çörək zavodunda son tamamlama-quraşdırma işlərinə, “EL” kiçik müəssisəsinin Sulutəpə qəsəbəsində inşa etdirdiyi illik istehsal gücü 14,4 min ton olan çörək zavodunda və Xəzər rayonunun Zirə qəsəbəsində sahibkar Bəşir Quliyevə məxsus ildə 2 min ton faraş tərəvəz istehsal ediləcək müasir istixana kompleksində aparılan tikinti işlərinə baxış keçirilib.

Sonra Binəqədi rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan sahələrin – faraş tərəvəz məhsullarının yetişdirilməsi üçün müasir istixana komplekslərinin, ətlik istiqamətli quşçuluq təsərrüfatlarının, kiçik həcmli ət kəsimi və emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

SKMF-nın icraçı direktoru Şirzad Abdullayev Fondun vəsaitləri hesabına 2011-ci ilin ötən dövrü ərzində ümumilikdə, sahibkarlıq subyektlərinin 895 investisiya layihəsinin maliyyələşdirilməsinə 74,3 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 48 böyük və iri həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 63,6 milyon manat və 847 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə isə 10,7 milyon manat güzəştli kredit verildiyini, bu kreditlər hesabına 3580-ə yaxın yeni iş yerinin yaradılmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, verilmiş güzəştli kreditlərin 18 milyon manatı Bakı şəhərinin qəsəbələrində sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Bu layihələrin reallaşdırılması 920-yə yaxın yeni iş yerinin açılmasına imkan verəcək.

Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 22 sahibkarlıq subyektinə 415 min manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 60-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Nigar Məmmədli