Sahibkarların şikayətləri haqda - Rəsmi açıqlama

sahibkarlarin-sikayetleri-haqda
Oxunma sayı: 3224

Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası 2017-ci ildə Şuraya ünvanlanan bütün şikayətlərə baxaraq müvafiq qərarlar qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Şuranın sədri Eldar Nuriyev Azərtac-a bildirib ki, prezidentin təşəbbüsü ilə sahibkarlıq sahəsində yoxlamaların dayandırılması iş adamlarının fəaliyyətinə müdaxilələrin, süni maneələrin, korrupsiya və sui-istifadə hallarının qarşısının alınmasına zəmin yaradıb, qanun pozuntularının, Apellyasiya şuralarına ünvanlanan şikayətlərin sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

2016-cı illə müqayisədə 2017-ci ildə Prezident yanında Apellyasiya Şurasına daxil olmuş ümumi müraciətlərin sayı 2,9 dəfə, bilavasitə sahibkarlar tərəfindən verilən şikayətlərin sayı 2,2 dəfə azalıb. Şuraya hüquqi və fiziki şəxslərdən 317 müraciət daxil olub.

Onlardan 163 müraciət Şuranın səlahiyyətinə aid olmadığından araşdırılması üçün aidiyyəti qurumlara göndərilib. Həmin şikayətlər əsasən sahibkarlar tərəfindən verilməyən, sahibkarlıq fəaliyyətinə aid olmayan məsələlərlə, habelə cinayət təqibi, məhkəmə işləri, inzibati cərimələr, bank kreditləri, su, qaz, işıq təchizatı ilə əlaqədar olub.

E. Nuriyevin sözlərinə görə, Şuranın səlahiyyətinə aid 154 müraciətdən isə  120-si prosedur qaydalara əməl olunmadan, mərkəzi və ya yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarında baxılmadan birbaşa Prezident yanında Apellyasiya Şurasına verildiyindən həmin orqanlara, onların Apellyasiya şuralarına göndərilib.

Apellyasiya şuralarına göndərilmiş həmin şikayətlərdən 93-ü yerlərdə həll olunub. Şuraya ünvanlanmış 7 müraciət isə təşkilati məsələlər şikayəti təmin olunmuş sahibkarların təşəkkürləri barədə olub.

Ötən il Şuranın icraatına götürülmüş 20 şikayət üzrə müvafiq qərarlar qəbul edilib, 3 müraciət şikayətçilərə qanunvericiliyin tələbi izah edilməklə baxılmamış saxlanılıb, 2 müraciət baxışa çıxarılanadək öz həllini tapdığından geri götürülüb, 2 şikayət isə hazırda baxılma mərhələsindədir.

Araşdırmalardan məlum olub ki, şikayətlərin əksər hissəsi sahibkarların öz hüquq və vəzifələrini mükəmməl bilməməsi, qanunvericiliyin tələblərini, müəyyən edilmiş prosessual qaydaları pozması, hətta bəzən haqsız tələblər irəli sürməsi üzündən yaranıb.

“Prezident yanında Apellyasiya Şurasına göndərilən şikayətlər, baxılan işlərin təhlili göstərir ki, sahibkarların hüquqlarının pozulması halları hesabat ilində xeyli azalsa da, hələ də tam aradan qaldırılmayıb.

Bəzən mərkəzi və yerli icra hakimiyyətləri, onların Apellyasiya şuraları müraciətlərə baxarkən sahibkarların özlərini dinləmədən, şikayətin bütün hallarını tam, hərtərəfli araşdırmadan, toplanmış sənədlərə düzgün hüquqi qiymət vermədən əsassız qərarlar qəbul edirlər. Sahibkarların müraciətlərinin həllinə belə münasibət son nəticədə iqtisadi inkişafa mənfi təsir göstərir, qanun pozuntularına, haqlı narazılıqlara gətirib çıxarır, şikayətlərin sayının artması, əlavə iş yükünün yaranması ilə nəticələnir.

İş adamlarının şikayətləri düzgün araşdırılmadığına görə hesabat ilində mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının doqquz qərarı ləğv edilib, bir halda Şuranın hərəkətsizliyi qanunsuz sayılıb.

Qeyd edilən hallara qarşı mübarizənin gücləndirilməsi, qanun pozuntularının, nöqsan və çatışmazlıqların aradan qaldırılması, profilaktik tədbirlərin tətbiqi dairəsinin genişləndirilməsi, şikayətlərin vaxtında və hərtərəfli araşdırılması, sahibkarların haqlı tələblərinin təmin olunması məqsədilə bütün mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarına zəruri tapşırıqlar verilib”.