“Sahibkarlığın dəstəklənməsinə xüsusi diqqət yetiririk” – - Müsahibə

sahibkarligin-desteklenmesine-xususi-diqqet-yetiririk-
Oxunma sayı: 985


-Azərbaycanda sahibkarlara kreditlərin verilməsi səviyyəsini necə qiymətləndirirsiniz?

-Bildiyiniz kimi sahibkarlığın dəstəklənməsi dövlət səviyyəsində müəyyən edilmiş iqtisadi bir prioritetdir. Şübhəsiz kiçik və orta sahibkarlığın dəstəklənməsi Azərbaycan iqtisadiyyatının inkişafı zərurətindən qaynaqlanır.Sahibkarlığın inkişafı yeni iş yerlərinin yaradılması, əhalinin maddi rifah səviyyəsinin yüksəlməsi və iqtisadi sabitliyin artması deməkdir. Düşünürəm ki, ölkəmizin bank sektoru bu istiqamətdə xüsusi rol oynayır. Banklar müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisə və şirkətlərin kreditləşməsi işində böyük təcrübə toplayıblar. ”Bank of Baku” ASC-nin pərakəndə bankçılıq sahəsində ixtisaslaşmasına baxmayaraq, biz biznes kreditlərin verilməsi işinə hər zaman xüsusi önəm veririk. Sahibkarları dəstəkləmək üçün kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş kreditlər ayırırıq və qeyd edim ki, onların şərtlərini həm sadələşdirir, həm də daha imtiyazlı etməyə çalışırıq.Təbii ki, görüləsi işlərimiz hələ çoxdur. Sahibkarlığın kreditləşməsi planlı iş, hədəflərin dəqiq müəyyən edilməsi və davamlı fəaliyyət tələb edir.Bu mənada biz nikbinik. Bəllidir ki, sahibkarlıq inkişaf edərək ölkə iqtisadiyyatının əsas aparıcı qüvvəsinə çevrilməlidir. Biz dinamik inkişafı görərək kredit portfelimizi biznes kreditləri ilə diversifikasiya edirik. Ümumilikdə isə, bütün banklar sahibkarlığın, real sektorun inkişafında maraqlı olmalıdır və bunun üçün lazımi dəstəyi verməlidirlər.

-Kredit üçün hansı sahələr daha çox müraciət edir?

-Bu istiqamətdə sahələr müxtəlifliyi ilə seçilir. Yüngül sənaye və qida  məhsullarının idxalı və istehsalı, topdan və pərakəndə satış, kənd təsərrüfatı, bir çox xidmət növləri və bir sıra digər sahələri qeyd etmək olar. Regional filiallarda əsasən aqrar, kənd təsərrüfatı məhsullarının istehsalı üçün kreditlər verilir. Yəni, əsasən qeyri-neft sektoru kreditləşdirilir. Düşünürəm ki, bankların qeyri-neft sektoruna vəsait yatırmaları Azərbaycan hökümətinin qeyri-neft sektorunun inkişafı üzrə siyasəti ilə üst-üstə düşür. Özəl sektorun inkişafı nəticəsində dövlət öz ehtiyatlarını daha çox sosial məqsədlərə yönəldə bilər. Bank sektoru isə kiçik və orta sahibkarlığın, həmçinin iri layihələrin inkişafında getdikcə artan rol oynayacaq.

Qeyd edim ki,  kiçik həcmli biznes və aqro layihələr üçün biz 30.000 manata qədər kreditlər ayırırıq. Daha iri layihələrə isə bu rəqəmdən də artıq kreditlər rəsmiləşdirilir. Biznes kreditlərini cəlbedici etmək üçün bir sıra üstünlük və imtiyazlar da tətbiq edirik: krediləri daha uzun müddətə ayırmağa və faizləri aşağı salmağa çalışırıq, fəaliyyətinə uyğun olaraq xüsusi qrafiklə ödəniş imkanı yaradırıq, möhlət müddəti veririk, güzəştlərlə dolu “Dostlar Klubu”-na üzvlük təklif edirik və s. Bir sözlə, sahibkarlıqla məşğul olmaq və hazırki fəaliyyətini inkişaf etdirmək istəyən istənilən şəxs üçün çalışırıq maksimal dərəcədə münbit zəmin yaradaq.

-Biznes kreditlərinin verilməsində hansı çətinliklərlə üzləşirsiniz?

-Etiraf edim ki, bu istiqamətdə müəyyən çətinliklərimiz var. Söhbət xüsusən kiçik sahibkarlığın dəstəklənməsinə yönəldilmiş layihələrdən gedir. Sahibkarların öz maliyyə hesabatlarını qeyri-dəqiq aparmaları, risklərini dəqiq ölçməmələri, kreditlərini məqsədli istifadə edilməmələri, təhlil zamanı görünməyən risklərin müəyyən edilməsi və digər məqamları qeyd etmək olar.

Məlumdur ki, biznes kreditin ayrılması prosesi xüsusi diqqət tələb edir.Kredit məbləği böyükdür, müddəti daha uzundur, bəzən borcalan şəxsin maliyyə bilikləri istənilən səviyyədə olmur və tərtib edilən biznes-plan müəyyən qüsurlarla təqdim olunur. Bu hallara xüsusən də biznes kreditləri üçün banka ilk dəfə müraciət edən müştərilər arasında daha çox rast gəlinir. Eyni zamanda qeyd edim ki, kredit verilən zaman daha ciddi və dərin təhlilin aparılması, kreditlərin daşınar və daşınmaz əmlak girovları ilə, zaminliklə təmin olunması, ödənişlərin edilməsinə ciddi nəzarət edilməsi, mütəmadi monitorinqlərin aparılması bu riskləri yetərincə aşağı salır. 

Bu sahədə Mərkəzi Bankın çox böyük rolu var. Risklərin tənzimlənməsi üzrə effektiv alətlərin tətbiq edilməsi, ciddi nəzarət sisteminin qurulması, banklara daim tövsiyyələrin verilməsi və yaxından əməkdaşlıq, bankların daha sağlam kreditlərin verilməsinə, kredit portfelinin effektiv idarə edilməsinə ciddi dəstək verir.

-Bu sahədə dövlətin dəstəyi necə duyulur?

-Bu istiqamətdə Azərbaycan dövlətinin dəstəyi xüsusi əhəmiyyətə malikdir və hər addımda hiss edilir. Bu özünü ilk növbədə davamlı və effektiv islahatların aparılmasında büruzə verir. Eyni zamanda, sahibkarlar üçün münbit mühit və şərait yaradılır, dövlət orqanları ilə ünsiyyət sadələşdirilir, “Elektron Hökümət” sisteminin istifadəsi bir çox sənədlərin qeydiyyata alnmasını, arayışların verilməsini asanlaşdırır və tezləşdirir. Dövlət tərəfindən yaradılan Sahibkarlığa Kömək Milli Fondu və İnformasiya Texnologiyalarının İnkişafı Fondu sahibkarlara güzəştli şərtlərlə kreditlər ayırır. Bütün bu inkişaf müştərilər tərəfindən çox müsbət qarşılanır.

Birmənalı demək olar ki, Azərbaycan hökümətinin bu sahədə dəstəyi əvəzedilməzdir. Məhz hökümət yeni hədəfləri müəyyən edir, zərurət yarandıqda resurslar ayırır, mürəkkəb müasir texnologiyalar cəlb edir.

Bu gün hökümət bank qanunvericiliyini təkmilləşdirir, ehtiyac yarandıqda banklara yardım edir, bir sözlə özəl bankların daha geniş və məzmunlu fəaliyyəti üçün şərait yaradır. Elə Azərbaycanda bank sisteminin inkişafı 90-cı illərdə Ümümmilli lider Heydər Əliyevin apardığı davamlı və effektiv siyasət nəticəsində mümkün oldu və bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə inkişaf etdirilir.

-“Bank of Baku”-nun biznes kreditləri ilə bağlı gələcək planları barədə nə deyə bilərsiniz?

-Qeyd etdiyim kimi, biz bu sahəyə daim diqqət yetirmişik. Sadəcə olaraq indi biznes kreditlərinə daha böyük diqqət ayırmağın zamanı gəlib. Etiraf edim ki, biznes kreditlərin ayrılması bankların özünə də böyük fayda verir. Belə ki, bu, kredit portfelinin diversifikasiyasına gətirir və öz növbəsində, bank üçün risklərin minimuma endirlməsi baxımından çox böyük strateji əhəmiyyətə malikdir. Bankımızda biznesin kreditləşməsini kurasiya edən ayrıca sahə fəaliyyət göstərir. Yəni, bu istiqamət bizim üçün prioritetlərdən birini təşkil edir.Bankın səhmdarları bu sahəyə xüsusi diqqət yetirir və son illərin göstəriciləri bunu təsdiqləyir. Misal üçün, bu ilin 7 ayının nəticələrinə diqqət yetirsək kiçik və orta sahibkarlığa verilmiş kreditlərin sayı və həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 25%-dən artıq olmuşdu. Məhz kiçik sahibkarlara  verilmiş kreditlərin portfeli isə  son 2 il ərzində 3 dəfə artmışdır. Bu sahədə çalışan əməkdaşların sayı son iki ildə 86 –dan 151-ə qədər artmışdır, kreditlərin verilməsi imkanı demək olar ki, bütün Bakı və regional filiallarda yaradılmışdır. Mikrokreditlər sahəsində davamlı inkişafın nəticəsində banklar arasında ilk üçlüyə daxilik. Biz yeni kadrları sıramıza cəlb edir, əməkdaşlarımızın biliklərini artırır, kredit risklərinin dəqiq ölçülməsi, biznes kreditlərinin cəlbediciliyinin artırılması üçün yeni vasitələr üzərində çalışırıq. Bir sözlə planlarımız böyükdür və əminəm ki, bu yaxınlarda fəaliyyətimizin nəticələri barədə məlumat alacaqsınız. Bizim əsas məqsədimiz bankın inkişafı ilə yanaşı real sektorun inkişafına fayda verməkdir.