Sahil Babayev 5 rayonun sakinləri ilə görüşdü

sahil-babayev-5-rayonun-sakinleri-ile-gorusdu
Oxunma sayı: 2795

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Lənkəran rayonunda həmin rayonun və Astara, Lerik, Masallı, Yardımlı rayonlarının sakinlərini fərdi qaydada qəbul edərək müraciətlərini dinləyib.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, qəbul zamanı həmin rayonların sakinlərinin əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə (pensiya və müavinət, təqaüd, sosial yardım və s.) hüququn müəyyən edilməsi, imtiyazlı şəxslərin mənzillə təmin olunması, sosial sığorta, məşğulluğun təmin edilməsi, özünüməşğulluq proqramına və reabilitasiya xidmətlərinə cəlbedilmə, əlilliyin qiymətləndirilməsi məsələlərinə dair müraciətləri cavablandırılıb.

Müraciətlərdə əksini tapan məsələlərlə bağlı müvafiq tədbirlər görülməsi, bir sıra məsələlərin elə yerindəcə həll edilməsi üçün nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

Nazir vətəndaşlarla görüşündə sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərində şəffaflığın və sosial ədalət prinsipinin tam təmin olunması, xidmətlərin keyfiyyətinin artırılması üçün aparılan islahatlar barədə məlumat verib.

Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonlarında əhalinin sosial müdafiəsi sahəsində görülən işləri diqqətə çatdıran S.Babayev, həmçinin bu 5 rayonda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən son illərdə 26 fərdi yaşayış evinin inşa olunaraq Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təqdim edildiyini, 20-yə yaxın fərdi evin də tikilməkdə olduğunu deyib. O, həmin rayonlar üzrə bu ilin birinci yarısında məşğulluq orqanlarının xətti ilə 3 minə yaxın şəxsin məşğulluğunun təmin edildiyini bildirib.