Şahin Mustafayev gürcü nazirlə görüşdü

sahin-mustafayev-gurcu-nazirle-gorusdu
Oxunma sayı: 1584

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Gürcüstanın maliyyə naziri İvane Maçavarianinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Qafqazinfo”nun məlumatına görə, görüşdən əvvəl Gürcüstanın nümayəndə heyəti Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.

Sonra Gürcüstan nümayəndə heyəti Bakı Biznes Mərkəzində Azərbaycan iqtisadiyyatına dair məlumatların əks olunduğu stendlərlə tanış olub, qonaqlara ölkə iqtisadiyyatı barədə məlumat verilib.

Şahin Mustafayev ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, 1997-ci ildə strateji tərəfdaşlıq haqqında Sazişin imzalandığını vurğulayıb. Diqqətə çatdırılıb ki, 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 545 mln. dollar olub, ixrac 13% artıb. 2018-ci ilin yanvar-sentyabr aylarında isə ölkələrimiz arasında ticarət dövriyyəsi 450 mln. dollar təşkil edib və ixrac 8% artıb. 1995-2018-ci illərdə Gürcüstan Azərbaycan iqtisadiyyatına 93,8 mln. dollar, Azərbaycan isə Gürcüstana 3 mlrd. ABŞ dollarından çox investisiya yatırıb. Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz 2012-ci ildən etibarən 1-ci yerdədir. Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydiyyata alınıb, 650-ə yaxın Azərbaycan sərmayəli şirkət, xüsusilə SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. İş adamlarının iştirakı ilə mütəmadi birgə biznes forumlar, işgüzar görüşlər və digər tədbirlər keçirilir.

Nəqliyyat-tranzit sahəsində əməkdaşlığa gəlincə, Ş.Mustafayev Bakı-Tbilisi-Qars dəmir yolunun xüsusi əhəmiyyətini vurğulayıb, Azərbaycanın təşkilatçılığı, Türkiyə, Gürcüstan və Qazaxıstanın iştirakı ilə “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi”nə dair bu ilin əvvəlində Çində təqdimatların keçirildiyini xatırladıb, belə bir təqdimatın Bakıda keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Gürcüstanın maliyyə naziri İvane Maçavariani ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətlərini, iqtisadi sahədə əlaqələrin inkişafını, beynəlxalq əhəmiyyətli iri enerji və nəqliyyat layihələrində ölkələrimizin əməkdaşlığını vurğulayıb. Azərbaycan və Gürcüstanın iştirakı ilə “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi”nə dair daha bir təqdimatın keçirilməsinin regionun nəqliyyat-tranzit potensialının təbliği baxımdan önəmli olacağını qeyd edən İvane Maçavariani ölkəsinin Azərbaycanla enerji, nəqliyyat-tranzit sahələri ilə yanaşı, sənaye, kənd təsərrüfatı, turizm və s. sahələrdə əməkdaşlığının genişdirilməsində maraqlı olduğunu qeyd edib və SOCAR-ın Gürcüstandakı fəaliyyətini yüksək qiymətləndirib.