Şahin Mustafayev Moskvada nazirlə görüşdü

sahin-mustafayev-moskvada-nazirle-gorusdu
Oxunma sayı: 4256

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada səfərdədi.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Rusiyanın İqtisadi inkişaf naziri, Komissiyanın həmsədri Maksim Oreşkinlə görüşüb. Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Şahin Mustafayev dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiklərini, ölkələrimiz arasında əlaqələrin strateji səviyyədə olduğunu və iqtisadi-ticarət sahəsi də daxil olmaqla bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 22% artıb. Ticarət əlaqələrinin artım dinamikası 2018-ci ilin I yarımilliyində da davam edib və bu dövrdə ölkələrimiz arasında ticarət dövriyyəsi 20%-dək artıb. Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. Təsadüfi deyildir ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında yaradılıb. “Made in Azerbaijan” brendinin təşviqi, ixracın genişləndirilməsi məqsədi ilə Rusiyaya ixrac missiyaları təşkil edilib, Azərbaycan şirkətləri bu ölkədə keçirilmiş sərgilərdə vahid ölkə stendi ilə təmsil olunub. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 mlrd. ABŞ dollarından çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 mlrd. ABŞ dollarına yaxın investisiya yatırıb. 2017-ci ildə Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətli addımdır.

Görüşdə kənd təsərrüfatı, maliyyə, vergi, gömrük, turizm, humanitar, o cümlədən təhsil, idman və s. sahələrdə əlaqələrin inkişafı, biznes əməkdaşlığının genişləndirilməsi, müxtəlif sahələrdə birgə müəssisələrin təşkili, Rusiyada Azərbaycan ticarət evlərinin və logistik mərkəzlərin yaradılması, şərabçılıq məhsullarının ixracının artırılması, nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

İkitərəfli görüşdə həmçinin, müqavilə-hüquq bazasına, bu ilin sentyabrında keçirilməsi nəzərdə tutulan Azərbaycan-Rusiya Regionlararası Forumuna və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.