Şahin Mustafayev rusiyalı nazir müavini ilə görüşdü

sahin-mustafayev-rusiyali-nazir-muavini-ile-gorusdu
Oxunma sayı: 4008

İqtisadiyyat naziri, Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Rusiya nəqliyyat nazirinin müavini Alan Luşnikov ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Şahin Mustafayev diqqətə çatdırıb ki, ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat sahəsidir. Azərbaycanın bir sıra beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin təşəbbüskarı və fəal iştirakçısıdır.

Şimal-Cənub nəqliyyat dəhlizinin hər iki ölkə üçün əhəmiyyətini qeyd edən iqtisadiyyat naziri bu dəhlizin nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsi və tranzit daşımalarının artırılması sahəsində önəmini vurğulayıb. 

Rusiya ilə birgə həyata keçirilən Samur çayı üzərində körpünün tikintisinin davam etdiyini bildirən nazir Mustafayev bu layihənin də nəqliyyat və ticarət əlaqələrinin inkişafında, daşımaların artmasında əhəmiyyətli olacağını qeyd edib. 

Alan Luşnikov Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin uğurlu layihələrdən olduğunu vurğulayıb, hazırda Azərbaycan və Rusiya arasında icrası davam edən nəqliyyat layihələrinə, daşımaların artırılması imkanlarına və nəqliyyat sahəsində əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb.