Şahin Mustafayevdən Rusiyanın iddialarına - Cavab

sahin-mustafayevden-rusiyanin-iddialarina
Oxunma sayı: 2560

İqtisadiyyat naziri Şahin Mustafayev Rusiyaya ixrac olunan Azərbaycan pomidoru ilə bağlı səslənən ittihamlara münasibət bildirib.

“Qafqazinfo” nazirin müsahibəsini təqdim edir:

- Cənab nazir, Azərbaycanla Rusiya arasındakı hazırki münasibətin vəziyyətini necə xarakterizə edərdiniz?

- İlk növbədə qeyd etmək istəyirəm ki, bu il 25 ili tamam olan Azərbaycan ilə Rusiya arasında münasibətlər sabit olaraq inkişaf edir və bu gün dövlət başçılarımızın səyləri və siyasi iradəsi nəticəsində bu, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Rəsmi səfərlər, müxtəlif tədbirlər çərçivəsində keçirilən görüşlərdə prezidentlər əməkdaşlığı genişləndirməyin vacibliyini vurğulayırlar.

Qeyd etmək vacibdir ki, hazırda ölkələrimiz arasında ticarət, investisiya, sənaye, yanacaq, aqrar sahələr, nəqliyyat, turizm, humanitar sahələr və s. daxil olmaqla çoxtərəfli əməkdaşlıq inkişaf edir.

- Ənənəvi olaraq Azərbaycandan Rusiyaya əsasən, kənd təsərrüfatı məhsulları ixrac edilir. Bu istiqamətdə ixracın artırılması üçün dövlət səviyyəsində hansı tədbirlər görülür?

- Kənd təsərrüfatı məhsulları yönündə ticarətin genişləndirilməsi, o cümlədən Azərbaycandan Rusiyaya tərəvəzlərin tədarükünün artırılması prezidentlərin görüşlərində dəfələrlə qeyd olunub. Hələ 2014-cü ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın nəzdində İşçi Qrupu yaradılıb. İşçi Qrupunun həmsədrləri Azərbaycan tərəfindən iqtisadiyyat nazirinin müavini, Rusiya tərəfindən isə kənd təsərrüfatı nazirinin müavinidir.

İşçi Qrupunun iclaslarında  müntəzəm olaraq Rusiya bazarında meyvə və tərəvəz məhsullarının həcminin artırılması, hər iki ölkədə elektron şəkildə verilmiş fitosanitar və baytarlıq sertifikatlarının mübadiləsinin sürətləndirilməsi üçün daha əlverişli şəraitin yaradılması məsələləri müzakirə olunur. Bundan əlavə, Rusiyanın müvafiq qurumunun nümayəndələri müəssisələrimizin fəaliyyətlərini izləmək üçün dəfələrlə ölkəmizə səfər ediblər.

Qeyd etmək yerinə düşər ki, onlar həmçinin, pomidor da daxil olmaqla ən böyük tərəvəz istehsalçılarından biri olan “Azersun Holdinq” MMC-yə baş çəkiblər və həyata keçirilən işləri yüksək qiymətləndiriblər.

Moskva şəhərinin meri Sergey Sobyaninin 2014-cü il sentyabrın 25-də Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasından Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının ixracı məsələləri geniş müzakirə olunub. Müzakirələr nəticəsində Azərbaycanın 16 şirkəti və Rusiyanın 3 böyük ticarət şəbəkəsi və logistika mərkəzləri arasında kənd təsərrüfatı məhsullarının ixracına dair 48 memorandum imzalanıb. Hazırda memorandumları həyata keçirmək üçün məqsədyönlü işlər aparılır.

Biz öz növbəmizdə Rusiya bazarına daxil olmaq üçün yaradılan əlavə imkanlar haqqında istehsalçıları və fermerləri mütəmadi olaraq məlumatlandırırıq, məhsulların istehsalını və ixracını artırmaq üçün müxtəlif təşviq mexanizmlərini tətbiq edirik.

- Son zamanlar Rusiyanın müxtəlif dairələrində belə fikir səslənir ki, Azərbaycandan Rusiyaya pomidor ixracının artması bu məhsulların Türkiyədən təkrar ixracının hesabına baş verir.

- Yuxarıda göstərilən tədbirlər nəticəsində, həmçinin artan tələbi nəzərə alaraq 2014-2016-cı illərdə pomidor istehsalı üçün nəzərdə tutulmuş ərazi 1,6 dəfə genişləndirilib. Bu ilin 6 ayı ərzində pomidor istehsalı 261,7 min ton təşkil edib. 2016-cı ildə pomidor istehsalı 502,7 min ton olub.

Türk pomidorlarının Rusiyaya qeyri-qanuni ixrac iddiaları ilə əlaqədar qeyd edim ki, birincisi, Azərbaycanın da qoşulduğu, 2009-cu il noyabrın 20-də imzalanmış “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” sazişdə də göstərilir ki, “CT-1” formalı sertifikatların verilməsi səlahiyyətli orqan tərəfindən torpaqların, istixana sahələrinin və kənd təsərrüfatı işlərinin aparılması üçün icarəyə verilmiş ərazilərin yoxlanılması əsasında aparılır, təqdim olunmuş sənədlər əsasında malların qrupları, habelə qablaşdırma və qeydiyyatı yoxlanılır.

İkincisi, artan istehsal həcmlərini nəzərə alaraq, 23 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən pomidor idxalının hər kiloqramına 0,4 ABŞ dolları məbləğində xüsusi qiymət qoyulub. Nəticədə, ötən illə müqayisədə bu ilin 9 ayında Türkiyədən pomidor idxalı kəmiyyət baxımından 81 faiz, keyfiyyət baxımından isə 76 faiz azalıb. Bu ilin may ayından etibarən Türkiyədən pomidor idxal olunmayıb..

Üçüncüsü, Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın Türkiyə ilə ümumi sərhədi yoxdur.  Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvanın blokadada olması faktını nəzərə alsaq, hər hansı malın daşınması demək olar ki, mümkün deyil. Beləliklə, bu iddialar heç bir şəkildə reallığa uyğun deyil.