Şahin nəğməsi

sahin-negmesi
Oxunma sayı: 1080

Yaxşı da musiqi duyumu var!..

İdmançı olduğunusa nə görmüşəm, nə də eşitmişəm. Amma fəhmim belə deyir. Boyunun ucalığına, düz qamətinə rəğmən, heç kəsə yuxarıdan aşağı baxmır, hər halda, sezməmişəm.

Mütailəsinə də söz ola bilməz!..

Gündəlik mətbuatı gözucu izləsə də, həftəsonu çıxan qalın qəzetləri başsağlığınacan oxuyur. Qeydləri dəqiqdi; misal çəkəsi olacam! Xalq yazıçısı Anarla Konstitusiya Məhkəməsində görüş zamanı - qonağın əsərlərindən tutmuş, son müsahibələrinə qədər – elə əhatəli danışıb ki, AYB sədri təəccüblənib: «Bəs siz məhkəmə işləri ilə haçan məşğul olursuz?!»

O, namaza da vaxt tapır!..
Hüquqşünas kimi çox məşhurdu, ona taleyini arxayınca etibar eləmək olar. Bütün ömrü hüquq-mühafizə orqanlarında keçib.
Diqqətlidi!..
Xanəndə Mənsum İbrahimovdan yazdığım esseni «525»-də oxuyub zəng eləmişdi. Dedi ki, Mənsum yaxşı sənətkardı, yoxsa ondan yazmazdın… Bayramlarda mesaj göndərər. «Ə», «Ç», «Ş», «Ü», «Ö» hərfləri də əlifba kitabında olduğu kimi.

Hekayə yazmağı ağlıma da gəlməzdi – o, Generaldı!..
Hər ikimizin əzizi Rəşid Faxralı toplayıb bu hekayə-əhvalatları, ön söz yazmağısa mənə özü tapşırıb.

Generalın sözü əmr olar.
Generalın sözü… sözdü!..
Yazıçılıq eləməyib, başına gələnləri, eşitdiklərini qələmə alıb. Sadə, bəzək-düzəksiz. Oxuyub güldüm, heyrətləndim daha çox.

Bu zabitəli kişinin yumor damarı nə yoğunmuş! Onu dərisinin altında necə gizlədə bilib?!
Əsərlərinin qəhrəmanlarına qəhrəmandan başqa hər söz demək olar. Sözgötürəndilər hamısı. Xırda adamlardı: işverən, lağlağı, qorxaq, yazıq. Biriylə ayaqqabı geymək olar, o biriylə butılka açmaq; biriylə milçək öldürərsən, o biriylə kanal dəyişərsən. Adamların hamısını sevmək çətindi, amma onlara hörmət eləməyə borclusan. Yekə adamlara çox, balacalara bir balaca. Şahin müəllim balaca adamlara lazım olduğundan çox hörmət eləyib, onları sözə gətirib. Adamlıqları olsa, burda qalarlar, olmasa, gedərlər öz xırda işlərinin ardınca.

Məsələn, Səfər kişi xortlayandan sonra əməlli-başlı adam olacaqdı, əcəl imkan vermədi. Ondan nəsə gözləmək olar.

İsmayıl kişidən gərək Əbdürrəhim bəy yazaydı, heyif ki, tale onları görüşdürməyib.
Totu-lotu-potu – «Gülüşün göyqurşağı»nın müxtəlif rəngləridi, diqqətlə baxın…
«Tabut əhvalatı»nda xoşuma gələn passaj: bacısı qoşulub qaçan qardaşlar ürəklərində sevinsələr də, evdəkiləri bir «pors» qırıb batırmalıdılar. Yoxsa qıraqdan adama nakişi deyərlər. Mentalitetin ağıl dişinə bax…

Məhkəmələrdə baş verən qeyri-adi hadisələr maraqla oxunur. Birini də mən danışım, istəsə, yazsın. Cavan məhkəmə sədri (təxminən müəllif boy-buxunda) cinayət işi araşdırır. Oğlan neçə ildi Rusiyada, gəlin kənddə hamilə. Digəl, müqəssiri tap. Sədr oğlanın atasını zala çağırır. Oğlan qəzəblənir: «Mənə səbəbkarı tap göstər, onu parçalayım!». Sədr ataya söz verir. Eşitdiklərindən şoka düşən oğul zalda qarşısına çıxanı döyüb söyür, axırda sədrə cumur. Sədr qeyzlənir: «Ə, camaatdan nə istəyirsən? Nə eləyib, atan eləyib. Parçala da səbəbkarı!»

Bəlkə də o, bu əhvalatı məndən yaxşı bilir. Qəsdən yazmayıb ki, oxuyub utanan olar. Amma indi kimdi kimin kitabını oxuyan. Fikri özünə getməsin: bu qədər iş-gücün içində həm kitab oxuya, həm də kitab yaza.

Onun gözəl də səsi var!..
Bu kitab da bir nəğmədi: Şahin nəğməsi…