Sakinin sosial yardımı niyə kəsildi? - Rəsmi açıqlama

sakinin-sosial-yardimi-niye-kesildi
Oxunma sayı: 790

Nefçala rayon sakini Tural Kazımov ailəyə verilən sosial müavinətin dayandırıldığı üçün “Qafqazinfo”ya müraciət edib. Şikayətçi bildirib ki, ailədə tək özü işləyir və bu vəziyyətdə yaşamaq qeyri-mümkündür:

“2 qızım var. Biri 4, biri də 5 yaşındadır. Çox ağır şəraitdə çalışıram, 187 manat maaş alıram. O pulla da ailə saxlamaq mümkünzüdü. Evimin halı yaşanılacaq kimi deyil. Sonuncu dəfə dekabr ayında 186 manat müavinət almışıq. Düzdür, aylıq 13 manat VÖEN ödəməliydim, imkansızlıqdan onu verə bilmədim, kəsdilər. Ancaq altında maşın olanlar, şəraitli evdə yaşayanlar sosial müavinət alır, bizə vermirlər. Artıq həyatımdan bezmişəm”.

Məsələylə bağlı “Qafqazinfo” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevlə əlaqə saxlayıb. O, bildirib ki, sözügedən ailəyə ünvanlı dövlət sosial yardımının verilməsinin dayandırılması qanunvericiliyin tələbinə uyğun olaraq həyata keçirilib:

““Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 4.7-ci bəndinə əsasən, sosial yardım almaq hüququna baxılması zamanı sosial yardımın təyin olunmamasına, məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, sosial yardımın verilməsi həmin gündən dayandırılır. Eyni zamanda, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

Kazımov Tural  Rac oğlu da ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunması üçün elektron qaydada müraciət edən zaman sahibkarlıq fəaliyyəti ilə bağlı məşğulluğu barədə məlumat versə də, sonradan elektron sistem bu məlumatda dəyişikliyin baş verdiyini (onun adına olan VÖEN-in bağlandığını)  qeydə alıb. 

Bu səbəbdən onun ailəsinə  sosial yardımın verilməsi dayandırılıb və ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirib”.

Tural Kazımov ailənin həyat səviyyəsini göstərmək üçün redaksiyamıza yaşadığı evin fotolarını da göndərib. Həmin fotoları təqdim edirik:

Günel Hacı