Salehə toxunulmazlıq verildi

salehe-toxunulmazliq-verildi-
Oxunma sayı: 639

On aydır etirazların davamlı xarakter aldığı Yəməndə parlament gələn ay istefası gözlənilən Əli Abdulla Salehin toxunulmazlığı haqda qərar qəbul edilib. Qanuna əsasən, hökumətin hazırladığı layihədə sadəcə Saleh deyil, onun yaxın ətrafı da toxunulmazlıq hüququ əldə edib. Rəsmi mənbələrə görə, Salehin hakimiyyəti illərində hərbi və sivil vəzifələr daşıyan şəxslər də məhkəmə qarşısında dayanmaqdan azad olunacaq.

Əlavə edək ki, qanun layihəsi Yəməndə hakimiyyətin təhvili üzrə Səudiyyə Ərəbistanının irəli sürdüyü planın bir hissəsi kimi qəbul olunub. Yəmənin müvəqqəti hökuməti Saleh və onun bəzi tərəfdarının cinayət məsuliyyətindən toxunulmazlığına dair qanun layihəsinin ikinci versiyasını parlamentin müzakirəsinə təqdim etmişdi. Ölkə rəhbərliyi ictimai təzyiq altında sənədin ilkin variantında istifadə olunan formanı bir qədər yüngülləşdirməli olub. Qanun layihəsinin yeni versiyasına əsasən, yalnız istefa verəcək prezident cinayət təqibindən tam toxunulmazlıq əldə edəcək. Onun tərəfdarları isə yalnız siyasi ittihamlardan müdafiə əldə edəcəklər, ancaq onlar iqtisadi cinayətlərə görə mühakimə oluna bilər.
Xatırladaq ki, Əli Abdulla Salehin Yəməndə təhlükəsizlik zəmanəti müqabilində istefaya getməsinə dair razılaşma ötən il noyabrın 23-də əldə olunub. O zamandan bəri ölkədə Əli Abdulla Salehin 2011-ci ilin yanvarından noyabrınadək olan müddətdə etiraz aksiyalarının güc yolu ilə yatırılmasında iştirakına görə məsuliyyətə cəlb edilməsi tələbi ilə nümayişlər yenə də səngimir.

azadliq.info