“Salyan broyler” satışa çıxarılıb

salyan-broyler-satisa-cixarilib
Oxunma sayı: 1428

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 21 noyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. 

“Qafqazinfo” xəbər verir ki, hərraca ümumilikdə 162 dövlət əmlakı çıxarılıb. Bunlardan  25-i səhmdar cəmiyyəti, 43-ü kiçik dövlət müəssisə və obyekti, 75-i istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u isə nəqliyyat vasitəsidir. 

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Gəncə, Şəmkir, İmişli, Yardımlı, Lənkəran, Neftçala və digər şəhər və rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Sumqayıtda yerləşən 22 saylı mağaza, Qazax ərazi yun tədarükü və qəbulu idarəsi, Gəncədə yerləşən 3 saylı avtodayanacaq kimi iri dövlət əmlakları var.

Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin 6-ı sənayə, 15-i xidmət, 10-a yaxını iaşə, qalanları isə digər sahələrə aiddir. 

Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Salyan broyler”, “Qax Taxıl”, “Zərdab Aqrotexservis”, “Bərəkət”, “Ağdaş Quşçuluq”, “Yevlax Yük Avtonəqliyyat”, “Cəlilabad Məişət” kimi səhmdar cəmiyyətlər var.