Salyanda yeni avtomobil yolu istifadəyə verildi - Yenilənib

salyanda-yeni-avtomobil-yolu-istifadeye-verildi
Oxunma sayı: 4135

Azərbaycan prezidenti İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində 110/35/10 kV-luq “Qaraqaşlı” yarımstansiyasının açılışında iştirak edib.
 
“Qafqazinfo”nun məlumatına görə, “Qaraqaşlı” yarımstansiyasının tikilməsi Salyan rayonunda 31 min abonentin elektrik təchizatının yaxşılaşdırılmasına, eləcə də bölgədə mövcud olan güc qıtlığının aradan qaldırılmasına səbəb olub.
 
Yarımstansiyanın qidalandırılması məqsədilə 110 kV-luq “Birinci Neftçala” hava xəttinin giriş-çıxış və 110 kV-luq dairəvi elektrik təchizat sxeminin yaradılması üçün 110 və 220 kV-luq qovşaq yarımstansiyaları əlaqələndirilib. Salyan rayonunun su təsərrüfatı üçün tələb olunan 11,5 MVA gücündə 35 kV-luq iki yarımstansiya da məhz bu yarımstansiyadan qidalandırılacaq.
 
“Azərişıq” ASC-nin sədri Baba Rzayev dövlət başçısına yeni yarımstansiya barədə məlumat verib. Bildirildi ki, yeni yarımstansiya Salyan rayonunun böyük hissəsini, xüsusən də dövlət əhəmiyyətli obyektləri - Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Parkı, Salyan Rayon İcra Hakimiyyəti, Mərkəzi Xəstəxana, çoxlu sayda sənaye, təhsil, tibb və məişət təyinatlı obyektləri elektrik enerjisi ilə təmin edir. Bundan əlavə, qeyri-neft sektorunun - kənd təsərrüfatı, sahibkarlıq, sənaye sahələri və digər infrastruktur layihələri üzrə inşa ediləcək obyektlərin elektrik enerjisi ilə təminatı bu yarımstansiyadan həyata keçiriləcək. İşin operativ və səmərəli aparılması üçün yeni yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizə və avtomat sistemlər, eleqaz və vakuum tipli avadanlıqla təchiz edilib və məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub.
 
Dövlət başçısı yarımstansiyanı işə salıb.
 
Qeyd edək ki, Salyan rayonunda “Kərimbəyli” və “Xurşud” yarımstansiyaları da tikilərək yenidən qurulub. Bu yarımstansiyalar, ümumilikdə, 30 mindən artıq istehlakçının elektrik enerjisi ilə təchizatını tam təmin edir. Bundan başqa, 35 kV-luq beş yarımstansiyada müxtəlif gücdə olan transformatorlar yeniləri ilə əvəz edilib. Həmçinin 110, 35 və 10/6 kV-luq transformator məntəqələrində təmir işləri aparılıb, köhnə tipli transformator məntəqələri yeni tipli komplekt transformator məntəqələri ilə əvəzlənib. Yeni 35 kV-luq hava elektrik verilişi xəttinin tikilib istifadəyə verilməsi nəticəsində Salyan və Sabirabad rayonları arasında dairəvi elektrik təchizatı sxemi yaradılıb. Hazırda 3500-ə yaxın abonenti olan Xıdırlı, Kürsəngi və Qaraçala kəndlərində kabelləşmə işləri aparılır, SMART tipli elektron sayğaclar quraşdırılır.

***

Prezident İlham Əliyev Salyana səfəri çərçivəsində Bayraq Muzeyinin açılışında iştirak edib.

Dövlət başçısına burada görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, Bayraq Muzeyinin yerləşdiyi ərazidə Bayraq Meydanı yaradılıb, burada dövlət bayrağı ucaldılıb, ərazidə geniş abadlaşdırma işləri görülüb. Bayraq Muzeyinin inşası bu il ərzində həyata keçirilib. Rayonun daxili imkanları hesabına reallaşdırılan layihə çərçivəsində ümumi sahəsi 410 kvadratmetr olan bina tikilib. Zəruri infrastrukturla təchiz olunan muzeydə çoxlu sayda eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, qədim Azərbaycan dövlətlərinin bayraqları, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur. 

***

İlham Əliyev Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışında iştirak edib.

Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.
Bildirilib ki, ümumi uzunluğu 30 kilometrdən çox olan yolun 17,4 kilometri Prezident İlham Əliyevin 2014-cü və 2015-ci illərdə imzaladığı sərəncamlara əsasən ayrılan vəsait hesabına yerli icra hakimiyyəti tərəfindən yenidən qurulub. Yolun qalan 12,8 kilometrinin yenidən qurulması isə dövlətimizin başçısının ötən il imzaladığı Sərəncamla “Azəravtoyol” ASC-yə həvalə edilib.

Torpaq və çınqıl örtüklü olduğundan vətəndaşların gediş-gəlişinə maneələr yaradan avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirilmə işləri görülüb, yola asfalt-beton örtüyü döşənib. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə suötürücü boruların tikintisi işləri aparılıb. Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhə quraşdırılıb, yola nişanlama xətləri çəkilib.

Qeyd edək ki, Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi 5 mindən çox əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, kənd təsərrüfatı məhsullarının rahat şəkildə daşınmasına imkan yaranacaq.