Şamaxıda ruh çəkilişə mane oldu

samaxida-ruh-cekilise-mane-oldu
Oxunma sayı: 1900

Azər Qismət

Ruhlar barədə çox filmləri izləmişəm. İnanmamışam. Bunu rejissorların fantaziyası bilmişəm. Ancaq neçə il bundan əvvəl Azərbaycanda baş verən hadisədən sonra fikirlərimdə təbəddülatlar yarandı.

Bu hadisə 2008-ci ildə baş verib. Filmin heyəti Şamaxının Kalva kəndinə yollanaraq “Azarkeş” filminin çəkilişlərinə başlayıblar. Çəkiliş plan üzrə sakit-səmirsiz gedirmiş. Qısa xatırlatma verim ki, “Azarkeş” filmi yumor janrında çəkilib. Argentina komandası azarkeşinin başına gələn hadisədən bəhs edir. 

Beləliklə, çəkiliş günlərindən birində rejissor Cavid Təvəkkül “motor” deyə qışqırıb. Elə qəribə hadisənin finalı burada başlayıb. Filmin ssenari müəllifi, yazıçı İmir Məmmədlinin oğlu Emin həyacanla çəkilişin dayandırılmasını tələb edib. Filmin heyəti buna təəccüblənib. Rejissor Cavid Təvəkkül Emindən nədən belə etdiyini soruşub. O, həyəcanla bildirib ki, köhnə tibb məntəqəsinin pəncərəsindəki ağ paltarlı ruh onlara baxaraq həmin istiqamətə gəlməyimizi istəmir. Filmin həmin epizodu Kalva kəndinin tibb məntəqəsinin 50-70 metrliyində çəkilirmiş. Cavid Təvəkkül gülümsəyib, bunu Eminin zarafatı hesab edib. Yenidən “motor” deyə qışqırıb. Emin bayaqkından da bərkdən “Çəkilişi dayandırın, ağ ruh bunu istəmir” deyib. Bu dəfə Eminə şübhə ilə baxıblar. Belə baxanda Emində hər şey qaydasında idi. Çəkiliş heyətinin üzvləri onda heç bir psixi pozğunluq müşahidə etməmişdilər. 

Rejissor Cavid Təvəkkül heç bir qışqırığa və məntəqənin pəncərəsindəki ruhun mövcud olub-olmamasına baxmayaraq, çəkilişə göstəriş verib. İnanılmaz hadisə baş verib. İri voltluq kabellər alışıb yanıb. Çəkiliş heyəti bir anda qorxaraq ətrafa səpələniblər. Möcüzə nəticəsində elektrik ustası həlak olmayıb. Çəkiliş yarımçıq qalıb. 

İş bununla bitməyib. Sonrakı hadisələrin gedişatı çəkiliş heyətinin qəlbində qorxu kimi qalacaq. Həmin gün filmin heyəti qaldıqları evdə bu məsələdən xısın-xısın danışıblar. Həyətdə su quyusu varmış. İnzibatçı Sərvər Bayramov və bir neçə nəfər quyudan su içmək istəyiblər. Bu dəfə İmir Məmmədlinin oğlu Emin onları su içməyə qoymayıb. Deyib ki, “su içmək olmaz, quyuda adam ölüb”. Onlar təəccüblə bir-birinə baxıblar. Eminin dediklərini yoxlamaq üçün kənd sakinlərindən quyuda adam ölüb-ölməməsini soruşublar. Cavabdan şoka düşüblər. Kənd sakinləri bildiriblər ki, “Bu evin sahibi zabit olub. Bir dəfə sərxoş halda su quyusunun başına gələrək su içmək istəyib, lakin başıaşağı ora düşüb. Meyitini çox axtarıblar. Nəhayət quyudan tapılıb”. Daha Eminə dəli kimi baxılmayıb. Sən demə, həmin gecə daha bir qəribə hadisə yaşanacaqmış.

Yaradıcı heyət yuxuya gedib. Gecə təxminən 2-3 arası olarmış. Birdən sürücü oyanaraq dəli kimi qışqırıb ki, “mən burdan gedirəm”. Hamı qorxub. Axı, nə baş verirdi? Sürücü danışıb ki, kimsə ağ paltarda onun başının üstündə dayanıb və silkələyib ki, “bura mənim yerimdir, dur burdan”. Sürücü qorxudan daha orada yatmayıb. Görəsən, bütün bunların sonu olacaqdımı? Filmin heyəti səhəri dirigözlü açıb. Nə baş verməsi sual olaraq qalırdı.

Ertəsi gün kəndin köhnə tibb məntəqəsinin qarşısında filmin davamının çəkilməsi üçün rejissor Cavid Təvəkkül yenidən “motor” qışqırıb. Bu dəfə operator həyəcanla bildirib ki, “mən pəncərədə ruh görürəm, bizim o tərəfə getməyimizi istəmir”. Cavid Təvəkkül hirslənib: “Anlamıram ki, orada nə var?” - deyə 10-15 metr məntəqəyə tərəf addımlayıb. Birdən sanki kimsə onun sinəsindən vuraraq geri itələyib. O, yıxılaraq sinəsini tutub. Ona su veriblər. Gözünü bir nöqtəyə zilləyərək danışa bilməyib. Nəsə demək istəyirmiş, lakin gördüklərindən şoka düşüb. Az qala sinəsi parçalanacaqmış. Nəhayət  “Mən əsgərlikdə vəfat etmiş qardaşımı gördüm. O, məni sinəmdən vurub geri atdı” pıçıldayıb. Sonra hönkürüb.

Yaradıcı heyəti dəhşət bürüyüb. Qərara alınıb ki, çəkiliş məntəqədən kənarda davam etdirilsin. Ancaq istər-istəməz bir sual hamını düşündürürdü: “Doğrudanmı, köhnə tibb məntəqəsinin pəncərəsindəki ruh onlara baxaraq həmin istiqamətə getməməyə işarə verib?”. Deyilənlərə aydınlıq gəlib. Məlum olub ki, yaradıcı heyətin bir üzvü buraların fotosunu çəkirmiş. O, şəkilləri çıxararaq hamıya göstərib. Deyilənlər təsdiqlənib. Məntəqənin pəncərəsindəki ağ rəngli varlığın əksi hamının əlini üzündə qoyub. Aktyor Əjdər Həmidov bütün şəkilləri cırıb tullayıb. 

Elə həmin il “Azarkeş” filmi teleekranlarda nümayiş etdirildi. Amma heç kim bilmədi ki, arxa planda hansı qorxu yaşanılıb.