Şamaxıda torpaq sürüşməsi - Yollar dağıldı + Fotolar

samaxida-torpaq-surusmesi
Oxunma sayı: 2470

İntensiv yağış Şamaxı rayonunda üç yolda torpaq sürüşməsinə səbəb olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, rayon mərkəzindən 25 kilometr aralıda yerləşən Quşçu-Çaylı yolunun 3-cü kilometrliyində asfalt örtüyü 3 metr dərinliyə çökərək yolun bir hərəkət hissəsinin bağlanmasına səbəb olub.

Yolun kənarındakı yol hərəkəti nişanları da aşaraq dərəyə yuvarlanıb. Kəndlərə gedən yolun sağ tərəfi də sürüşməyə məruz qalıb.

Dağlardan sürüşüb gələn torpaq kütləsi yola doğru hərəkət edir. Hazırda yolun bir hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, digər tərəfi isə dağdan gələn torpaq nəticəsində qabarıb.

Bu yaxınlarda istifadəyə verilən Şamaxı-Göylər-Padarçöl yolunda da torpaq sürüşməsi baş verib, yolun bir neçə hissəsi dağılıb. Yolun 19-20 kilometrliyində asfalt örtüyündə çökmələr və yolun ortasında iri çatlar əmələ gəlib.

Artıq aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub, iş aparılır. Çökməyə məruz qalan hissələr doldurularaq üzərindən yeni asfalt örtüyü vurulur.

Qeyd edək ki, 6 ay öncə yenidənqurmadan sonra istifadəyə verilən Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunun asfalt örtüyündə də iri çatlar və çökmələr əmələ gəlib, təhlükəli vəziyyət yaranıb. Pirqulu-Dəmirçi yolunun 3-cü kilometrliyində asfalt örtüyü ortadan bölünərək iki hissəyə ayrılıb.