“Şamilin maşını 175-lə gedib” - Əkrəm Həsənovun qardaşının məhkəməsi

samilin-masini-175-le-gedib
Oxunma sayı: 8712

Bakı Ağır Cinayətlər Məhkəməsində içkili vəziyyətdə avtomobil idarə edərək iki nəfərin ölümünə səbəb olan Şamil Həsənovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə baxış iclası davam etdirilib.

Qəza nəticəsində vəfat edən Vüsal Quliyevin anası Rəfiqə Quliyevanın məhkəməyə ərizəsi daxil olduğu bildirilib. R.Quliyeva ərizəsində qəzanı törədən Şamil Həsənovun hadisə zamanı əyləci basmadığını deyib:

“Şamil Həsənovun əməli qəsdən adam öldürmə kimi qiymətləndirilməlidir. Qəza zamanı oğlumun olduğu maşın 135 metr sürünüb. Şamilin maşını ən azı saatda 175-lə gedib. Oğlum qəzadan sonra ölməyib. Ona kömək edən olmayıb. Yəqin ki, Şamil yenə araq içməyə gedib. Mən bir oğul anası idim, onu torpağa tapşırdım”. 

Qeyd edək ki, proses avqustun 30-da davam etdiriləcək.

İttihama görə, hadisə 2018-ci il martın 12-də saat 02 radələrində Sumqayıt şəhərində baş verib. Şamil Həsənov sərxoş halda idarə etdiyi “Hyunday Azera” markalı 99 DV 039 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsində Eldar Həsənovun idarə etdiyi 50 BE 671 dövlət qeydiyyat nişanlı “Oka” markalı avtomobillə toqquşub. Nəticədə E.Həsənov və sərnişini Vüsal Quliyev hadisə yerində vəfat edib.

Şamil Həsənov Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsinin məzunudur. O, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun qardaşıdır.

Xatırladaq ki, Əkrəm Həsənov bir neçə dəfə müzakirələrə səbəb olan fərqli fikirləri ilə gündəmə gəlib.

Ş.Həsənov isə özünün avtomobil həvəsi ilə medianın gündəmində olub. Əslən Qubadlıdan olan Ş.Həsənov 039 seriyası ilə avtomobillər nümayiş etdirib. Bildirək ki, bu seriya Qubadlı rayonunun avtomobil dövlət nömrə nişanıdır. 

Murad Əhməd